back page

16-cı dərs - 30-cu dərs

next page

 

16-cı dərs

TÖVBƏ VƏ İSTİĞFARIN ƏSAS YOLLARI

Qur`an ayələrində və rəvayətlərdə Allaha sığınmağın (istiğfar) və günahların bağışlanmağı üçün bir sıra göstərişlər var ki, onlardan bir neçə nümunə sizin xidmətinizə çatdırmaq istəyirik.

1-Gizli şəkildə sədəqə vermək və kömək etmək.

Qur`an bu barədə buyurur: "Əgər fəqirlərə aşkar surətdə kömək etsəniz, sizin tərəfinizdən bu yaxşı işdir, lakin əgər həmin sədəqəni gizli vermiş olsanız və fəqirlərə etdiyiniz kömək məxfi olsa, onda siz daha yaxşı iş görmüş olarsınız və bu xeyirxah işləriniz günahlarınızın yuyulmağına və özünüzün də bağışlanmağınıza səbəb olar". ("Bəqərə"-271)

2-Cihad və hicrət etmək.

"Ali-İmran" surəsi, 195-ci ayəsində, Xudavən-di-kərim buyurur: "... O kəslər ki, hicrət ediblər, yurdlarından qovulublar, yolumda əzab-əziyyət çəkiblər, vuruşublar və öldürülüblər-onları günahlardan təmizləyərəm. Onları (bir ne`mət olaraq) içindən çaylar axan cənnətə daxil edərəm. Savabların və mükafatların yaxşısı, Allah dərgahındadır."

3-Böyük günahlardan uzaq olmaq.

Qur`ani-Şərif bu barədə buyurur: "Əgər sizə yasaq olunan böyük günahlardan çəkinsəniz, digər günahlarınızı Mən bağışlayaram". ("Nisa"-31)

"Böyük günahlar" – o günahlara deyərlər ki, Qur`anda onlar üçün əzab və`dəsi verilib.

4-Xeyirxah işlər görmək.

Qur`ani kərimdə oxuyuruq: "Həqiqətən, yaxşı işlər, pis işləri aradan qaldırar". ("Hud"-114)

Həmçinin İslamda, bizə tapşırıq vardır ki, hərgah hər hansı bir günaha mürtəkib olsanız, onu yumaq üçün yaxşı, xeyirxah işlər görməyə sə`y edin, yaxşı və bəd əməllər-hər ikisi Allahın ədalət tərəzisində ölçüləcəkdir.

5-Borc vermək (Allahın ehtiyacı olan bəndələrinə borc vermək).

Qur`an buyurur: "Həqiqətən siz, Allaha yaxşı bir borc versəniz, o borcu sizə qat-qat artıq qaytarar və sizi bağışlayar" ("Təğabun"-17)

6-Təqva (Allahdan qorxmaq).

Qur`an buyurur: "Ey iman gətirənlər! Allah qarşısında təqvalı olun ki, Allah sizə haqqı batildən ayırd edən bir dərk versin, günahlarınızı yusun və sizi bağışlasın. Allahın lütfü böyükdür". ("Ənfal"-29)

BİR NEÇƏ FAYDALI NƏSİHƏT

1-O kəslər ki, ölümdən qorxurlar, bilməlidirlər ki, tövbə qapısı həmişə açıq, Allah da bağışlayandır. Qur`anda Allah-taala 300 yerdə özünün-Rəhman, Rəhim, Ğəffar, Ğfur, Vədud (çox mehriban) "əsma`i-hüsna"larını (gözəl adlarını) çəkməklə bu aydın həqiqəti aşkar etmişdir. Möhkəm bir iradəyə malik olan insan bütün günah işlərdən əl çəkib, Allaha tərəf üz tutsa, özünü bəd əməllərdən islah etsə, yəqin bilsin ki, Allah tövbəsini qəbul edib və onu bağışlayacaqdır. Necə ki, Qur`an özü xəbər verir: "Həqiqətən Allah tövbəkarları dost tutur". ("Bəqərə"-222)

2-Tövbə-təkcə əxlaqi bir tövsiyə deyil, üstəlik vacib və zəruri bir vəzifədir ki, Qur`an 7 yerdə (və, yaxud 7 dəfə) "tubu" ("tövbə edin") kəlməsi ilə bütün insanlara fərman verir ki, batil yoldan qayıdıb, Allahın haqq və doğru yoluna qədəm qoysunlar.

3-Tövbə etməyə tələsmək.

Doğrudur ki, insan ölən anadək tövbə etsə, tövbəsi qəbul olur, amma insan öz əcəlinin haçan yetişəcəyini bilmədiyin-dən lazımdır ki, tövbəni tə`xirə salmasın.

Tövbə-gərək sağlam düşüncə əsasında ola, nəinki, qorxu və təhlükə üzündən.

4-Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir günahın özünəməxsus tövbə üsulu vardır. Əgər bir şəxs namaz qılmırsa, onun tövbəsi ondan ibarətdir ki, qəza namazlarını qılsın. Ya da, əgər başqalarının malına və ya həya-abırına qəsd edibsə, lazımdır ki, o şəxslərdən üzrxahlıq etsin və halallıq alsın.

5-Tövbənin əsəri təkcə günahların bağışlanmağında deyildir. Qur`anda onun başqa faydalı cəhətlərinin də şahidi oluruq, o cümələdən;

a) İnsanın həyat şəraiti yaxşı və şirin olur. "Hud" surəsi, 3-cü ayədə oxuyuruq: "Hərgah siz tövbə etmiş olasınız, onun yaxşı bəhrələrini də görərsiniz. Allah sizi dünyada və axirətdə kamiyab edər".

b) Günahları bağışlanmaqdan əlavə, ömür boyu qarşısına əvvəlki pisliklər əvəzində, yaxşılıqlar çıxar: "O kəs ki, tövbə edib və iman gətirib və əməli saleh olub, onun pisliklərini yaxşılıqlarla əvəz edərəm". ("Furqan"-70)

v) Tövbənin müqabilində Allah insana-rəhmət yağışı, qüdrət, qabiliyyət və bacarıq verər: "... Sonra tövbə edib, üzünüzü Allaha tutun. O da göydən sizə bolluca rəhmət yağışı göndərər və gücünüzü çoxaldar". ("Hud" surəsi, 52)

q) Günahlardan təmizlənmək, qeyb aləmindən xeyir-bərəkətin, ruzinin bolluğuna səbəb olar:

"-...Rəbbinizdən məğfirət diləyin, həqiqətən o, günahları bağışlayandır. Rəbbiniz sizin üçün göydən bol yağmur yağdırar. Mal-dövlət, oğul-uşaq verərək sizə yardım edər, bağ-bağat yaradar, çaylar axıdar". ("Nuh" surəsi, 11 və 12-ci ayə)

6-Oxuduğumuz şərif ayələrdən mə`lum olduğu kimi, tövbə özündən sonra xeyirli və faydalı izlər qoyur, amma əgər bir şəxs zahirən tövbə etmiş ola, batində isə öz bəd əməllərindən əl çəkməsə, o, (nəuzu billah) dini məsxərəyə qoymuş olur.

İmam Baqir ´ buyurur: "Əgər bir şəxs vaxtaşırı tövbə etsə və günah etməkdə də davam etsə, o, məsxərə, lağ etmiş şəxslər kimi olar".

7-Peyğəmbəri-Əkrəm Œ öz şərif hədislərində xalqın günahkarlarla münasibətlərindən irəli gələn vəzifələrə diqqətimizi cəlb edərək belə bəyan edir: "O kəslər ki, öz günahlarından tövbə edib, haqq yoluna gəliblər, xalq gərək onlara hörmət və ehtiram göstərsinlər".

"Zəif və aciz insanlara qarşı rəhmli və qayğıkeş olsunlar".

"Ürəkləri günahkarlara yansın və Allahdan, bəndənin günahlarının bağışlanmağı üçün dua etsinlər". ("Biharul-ənvar", 6-çı cild)


 

17-ci dərs

ÖLÜM ASTANASINDA

Maraqlı və diqqəti cəlb edən bəhslərdən biri də ölümlə bağlı olan məsələlərdir.

"Aqibətin xeyirli olması" və ya "aqibətin bəd olması" kimi məsələlər, insanları düşündürür və bu kimi suallara cavab axtarırlar. Hətta insanlar bir-biri ilə salamlaşarkən, bə`zən də biri-digərinin salamına cavab olaraq deyir: "Aqibətin xeyrli olsun!"

XEYİRLİ VƏ ZƏRƏRLİ AQİBƏT

Qur`anda 15 yerdə oxuyuruq ki, İblis Adəmə səcdə etmədi, o səbəbdən ki, (Həzrət Əlinin ´ buyurduğuna görə) altı min il Allaha ibadət etmişdir (mə`lum deyil ki, qeyd olunan il, yerdə bizim qəbul etdiyimiz 365 gündən ibarət olan il nəzərdə tutulur, yoxsa axirət gününün hesabı ilə ki, hər günü bizim əlli min ilimizə bərabərdir). ("Mə`aric" surəsi, 4 və "Nəhcül-bəlağə", xütbə 192)

İblisin bütün işləri "ibadət" idi, lakin "übudiyyət" (Allaha bəndəlik etmək) deyildi. Bir saat təkəbbür göstərməklə, elədiyi bütün ibadətləri bada verdi. Bu, "bəd aqibət" olmağın ən gözəl nümunəsidir ki, Qur`anda öz əksini tapıb.

Qur`anda yenə "bəd aqibət"in digər bir nümunəsi də tarixdə məşhur şəkil alıb. Həzrət Musanın dövründə yaşayan bir alimin həyatı ilə əlaqədardır.

Bu alim həyatda o qədər yüksəlişə çatmışdı ki, bə`zən Həzrət Musa özü ondan məsləhətlər alırdı, hətta etdiyi dualar da müstəcab olurdu. Lakin bir müddətdən sonra o, Fir`onun taxt-tacına uyaraq, zalım hökmdarın əlində bir alətə çevrildi ki, nəhayət onun da aqibəti pis nəticələndi. Belə ki, müxaliflərdən bir neçəsi Həzrət Musanın yanına gəlib o şəxsə "bəd aqibət" adı qoydular. Bu alimin adı Bəl`əmi Baura idi ("Ə`raf" surəsində bu macəranın qısa xülasəsi verilib).

Elmdə yüksək nailiyyətlər əldə edən alimlər həyatda üzləşə biləcəkləri və onları haqq yoldan sapdıra biləcək hər cürə amillərdən ehtiyat edir və bərk narahat olurlar. Belə vəziyyətdən nicat tapmaq üçün onlar Allaha belə dua edirlər: "Rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna... İlahi! Bizi Öz yoluna hidayət etdikdən sonra qəlbimizi münhərif olmaqdan (aldanmaqdan) qoru!".

Qur`anda bir çox ayələr var ki, buyurur: "Bə`ziləri iman gətirdilər, sonra da kafir oldular." ("Nisa"-137)

Bu bəhs İslamda "irtidad" kimi özünə yer alıb, mə`nası da, həmçinin imandan çıxıb küfrə yuvarlanmaqdır.

Allahın mö`minlərə etdiyi mərhəmətdən biri də budur ki, ölüm ərəfəsində (Həzrət imam Sadiqin buyuruğuna əsasən) Şeytan cidd-cəhdlə çalışır ki, mö`minləri imanlarından döndərsin və onlar Allaha şəkk aparsınlar. Sə`y edir ki, dində sabit qədəm olmaqdan onları geri salsın. İmanı kamil olan mö`min şəxslərə Şeytan müsəllət ola bilməz. Necə ki, Qur`ani-Şərif buyurur: "İman gətirənlərin imanını Allah Öz möhkəm kəlamı ilə dünyada və axirətdə sabit saxlayar".

Yenə Qur`anın sorağına gedib Həzrət Yusifin məşəqqətli həyatına nəzər yetirsək, görərik ki, tale onu quyunun dibindən çıxarıb zindana atdı, zindandan sonra saraya müşərrəf oldu. Nə qədər başına müsibətlər gəldisə də dözdü, qorxub çəkinmədi, lakin o məqamda ki, məs`uliyyət hiss etmək anı gəlib çatdı, Allahdan nicat diləyərək dedi: "İlahi! Məni dünyadan müsəlman kimi apar!" ("Yusif" surəsi, 102)

Həmçinin Həzrət İbrahim və Həzrət Yə`qub peyğəmbər öz övladlarına belə vəsiyyət edirdilər: "Övladlarım, Allah sizə görə bu dini seçmişdir. Siz də ancaq müsəlman olaraq can verin!" ("Bəqərə", 132)

Həzrət Əmirəl-mö`minin ´ hədislərinin birində belə buyurur: "Həqiqi səadət odur ki, insanın əməli səadətlə sona yetsin; və həqiqi bədbəxtlik ondadır ki, insanın əməlini axırı da bədbəxtliklə sona çatsın".

Hələ Həzrət Əlinin ´ şəhadətinə 30 il qalmış, Allahın Rəsulu Œ Ramazan ayının əhəmiyyəti barəsində xütbə oxuyarkən Həzrət Əli ´ "Qatilim kim olacaq? Məni şəhid etməkdə məqsədi nə olacaq? Nə cür, harada və nə vaxt şəhid olacağam?" – deyə soruşmaq əvəzinə belə soruşdu: "Ya Rəsuləllah! Ölüm məqamında imanımda sabit qədəm, fikrimdə və əqidəmdə sadiq qalacağammı?"

Həzrət Rəsul Œ imama bəşarət verərək buyurdu: "Bəli, sən kamil imanla dünyadan gedəcəksən." ("Xütbeyi Şə`baniyyə)


 

18-ci dərs

İNSAN NƏ ÜÇÜN "BƏD AQİBƏT" OLUR?

Bu suala cavab tapmaq üçün, "bəd aqibət" şəxsin vəziyyətinə diqqət yetirmək və onlardan bir neçə nümunə göstərmək istəyirik:

1-Təkəbbür-İblisin "bəd aqibət" olmasına səbəb oldu. Belə ki, təkəbbür göstərməklə Allahın fərmanından çıxdı, Adəmə səcdə etmədi.

2-Dünya məhəbbəti-Musa peyğəmbərin dövründə yaşayan alimin aqibəqi kimi. Bir zamanlar duaları müstəcab olan bu "alim" axırda tamamilə şeytanın tabeliyinə keçdi, Fir`onun yağlı və`dələrinə uydu və Həzrət Musanın vilayətini tərk edib, tağut əhlinin havadarlarından oldu. Dünyaya üz tutaraq öz nəfsinin əsiri oldu və Qur`an onun barəsində belə buyurur: "Şeytan onu ardınca çəkib apardı və o, dünyaya, maddi ne`mətlərə könül bağladı və həvayi-həvəsinə tabe oldu."

Bəli, dünyanın zər-zivərinə uyub ona könül bağlamaq, axırda onlardan ayrılarkən, insan Allahın qəzəbinə və "bəd aqibətliyə" səbəb olar.

İmam Sadiqin ´ hədisində nəql olunur ki, dünya insanların dindən xaric olmaqlarına və "bəd aqibətliyə" səbəb olar.

3-Günah-Qur"an buyurur: "Aqibəti pis olanların (bu işinin) səbəbi bu idi ki, Bizim ayələrimizi danıb onları məsxərəyə qoydular." ("Rum" surəsi, 10)

Bəli, insan bir günah iş görəndə, əməlindən peşman olmadıqda, günahın qarşısını almadıqda, elədiyi günahlar onun qəlbini qaraldar və bir növ o, günahkarlığa adət etmiş olar.

Rəvayətlərdə tam ciddiliklə tapşırılır ki, günah iş gördüyünüz zaman, dərhal da tövbə edin, çünki günah insan ruhunda pis əsər qoyur. Vaxtında günahın qarşısı alınmadıqda bu əsər müntəzəm olaraq artır və qəlbi tamamilə kor edir.

4-E`tiqadın olmaması.

Bə`zi insanların imanlarının möhkəm əsasları olmadıqda, bu fərdlərin zehni və düşüncələri dayaz olarsa, iman-ları da zəif və səthi olar. Cüz`i bir şəkk və tərəddüd, imanının bərbad olmağına səbəb olar. Qur`an buyurur: "Bir qrup insanlar var ki, nə vaxt biz onlara ne`mət veririk, deyərlər: "Allah məni sevir və kəramət göstərir." ("Rəbbi əkrəməni"). Lakin elə ki, vəziyyətləri bir az xarablaşdı, deyərlər ki: "Allah məndən üz döndərib, mənə baxmır". İlahi ne`mətlərin dəyişilməsi ilə onun haqq və ədalətli olub-olmamağını qafil olaraq öz vəziyyəti ilə ölçülür.

Bəli, əgər rifah halı yaxşıdırsa imanı da var, rifahı pisləşdisə dərhal imanı aradan gedir.

Bu fərdlərin bərabərində (çox təəssüf ki, belələri cəmiyyətdə çoxdur), elə şəxslərə də rast gəlirik ki, öz imanlarında dağdan da möhkəmdirlər. O, münacatlarında ki, Allahın dərgahına göndərirlər, onda deyirlər: "İlahi! Hətta əgər məni cəhənnəmə də atsan belə, orda da fəryad çəkib deyəcəyəm: "Pərvərdigara! Mən, Səni dost bilirəm!" (Yə`ni, Sənə olan eşqim zamana, məkana və dünya malına görə deyil!).

O, imam Hüseyn ´ idi ki, qətlgahda Allahın dərgahına üz tutaraq deyirdi: "İlahi! Mənim ölümüm, Səninlə mənim aramda ayrılıq sala və Sənə qəlbimdə olan məhəbbəti zərrəcə də olsa azalda bilməz.

Pərvərdigara! Sənin rizayətinə çatmaq üçün qəlbən və ruhən bu qəzaya razıyam!"

Kafirlər, əhli kinələr onun üzərinə hər tərəfdən hücum çəkdikləri anda buyurdu: "Ey şəmşirlər! Məni Allah yolunda doğrayın!"

VƏSİYYƏT

Hərçənd ki, vəsiyyətin ölümə və ölüm vaxtına aidiyyəti yoxdur, amma insan nə qədər tez vəsiyyət etmiş olsa, bir o qədər yaxşıdır.

Ümumiyyətlə, insanlar ölüm ayağında vəsiyyət edirlər. Digər cəhətdən axırıncı vərəsəlik hüququ istər-istəməz o vaxta düşür.

Qur`ani-şərif vəsiyyət etmək haqqında belə buyurur: "Sizə vacibdir ki, ölüm başınızın üstünü aldığı anda oğul-uşağa, valideynə və qohum-əqrəbalarınıza adilanə bir tərzdə vəsiyyət edin. Bu, təqva əhlinin boynuna gələn vacib haqdır." ("Bəqərə"-180)

Vəsiyyət-insanların qeydinə qalmaq, onlara diqqət və hesab əhli olmaqlarının nişanəsidir.

VƏSİYYƏTİN MƏZİYYƏTLƏRİ

Vəsiyyət-ölümün insan yaddaşında olması deməkdir.

Vəsiyyət-insanların hüququna ehtiram deməkdir.

Vəsiyyət-insanın ali məqsədlərinə yetişmək üçün vasitə deməkdir.

Vəsiyyət-məhrumiyyətlər içərisində yaşayan insanların maddi vəziyyətləri ilə və məişətləri ilə maraqlanmaq deməkdir.

Vəsiyyət-insanın ömrü boyu əldə etdikləri nailiyyətlərdən faydalanmaq deməkdir.

Vəsiyyət-insanın həyatı boyu görə bilmədiyi işə, ölüm məqamında əncam çəkmək deməkdir.

Vəsiyyət-insan öləndən sonra özünü xoş xatirələrlə yaşatmaq deməkdir.

Vəsiyyət-o qədər mühüm bir işdir ki, Peyğəmbəri-Əkrəm Œ buyurmuşdur: "Hər kim vəsiyyət edib dünyadan getsə, sanki şəhid olub. Və hər kim vəsiyyət etməmiş dünyadan getsə, İslamiyyətdən əvvəlki dövrlərdə, cahiliyyət vəziyyətində ölmüş kimi olur." ("Vəsail", c-13, səh. 352)

Vəsiyyət etməklə insanın ömrü qısalmaz, bəlkə də uzanar.


 

19-cu dərs

VƏSİYYƏTİN MƏSƏLƏLƏRİ

Vəsiyyət zamanı bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1-Vəsiyyət edilərkən təkcə mal-dövlət və mülkiyyət nəzərdə tutulmamalıdır. Qur`an bu barədə buyurur: "O zaman ki, Yə`qub peyğəmbərin ölüm vaxtı gəlib yetişdi, öz övladlarını yanına çağırdı və soruşdu: "Siz, mən ölüb gedəndən sonra nəyə pərəstiş edəcəksiniz?" Görürsünüzmü, Yə`qub peyğəmbər ölüm ayağında olduğu anda da belə, öz övladlarının dini mənsubiyyətləri ilə maraqlanmış və narahat olmuşdur. Həmçinin həzrət Əmirəl-mö`minin ´ ibadət mehrabında zərbətlənəndən sonra övladlarına ilk və mühüm vəsiyyəti bu oldu ki, onlar təqva əhli olsunlar.

Peyğəmbərlərin və imamların həyat yoluna nəzər saldıqda görürük ki, vəsiyyət təkcə mal və mülkü vərəsələr arasında bölüşdürməkdən ibarət deyil, əksinə, vəsiyyət daha çox əxlaqi və mə`nəvi xüsusiyyətləri özündə cəmləşdirir və son mənzilə səfər tədarükündə olan hər bir şəxs özündən sonra əbədi bir xatirə qoyub getmək istəyirsə, məhz məsələnin bu cəhətinə diqqət yetirməlidir.

2-İnsan vəsiyyət edərkən gərək öz varislərinin haqqında ədalətli rəftar etmiş olsun. Vəziyyətdən istifadə edib hüquqları barəsində qərəzçilik mövqeyində olmasın. Hədislərdə oxuyuruq ki: "Hər kəs öz vəsiyyətində zülmkarlıq etmiş olsa, o, özünü böyük günaha batırmış olub". ("Səfinətül-bihar")

3-Vəsiyyət edən şəxs gərək öz övladının hüququnu pozmasın. Hədisdə oxuyuruq: "Bir nəfər ölümündən qabaq bütün var-dövlətinin Allah yolunda (kiçik yaşlı uşaqları saxlamaq üçün) vəsiyyət etdi. Ölüm başının üstünü kəsəndə, artıq onun mal-dövlətdən öz övladlarına vəsiyyət üçün heç nəyi qalmamışdı.

Elə ki, bu macəranı Rəsuli-Xudaya Œ danışdılar, Həzrət soruşdu: "Siz o şəxsin ölüsünü neylədiniz?" Dedilər: "Onu torpağa tapşırdıq". Peyğəmbər Œ buyurdu: "Əgər dəfn etməmişdən qabaq mənə xəbər versəydiniz, mən icazə verməzdim ki, onu müsəlman qəbiristanlığında dəfn edəsiniz."

Başqa bir hədisdə varid olub: "Bir adam ədalət və insafla vəsiyyət etməsə o, alihəzrət adam deyil və axirətdə bizim şəfaətimiz onlara nəsib olmaz".

Bəli, İslamın nəzərində vəsiyyət zamanı insafsızlığa yol vermək, varislərin malını oğurlamaq timsalındadır.

4-Sə`y edin vəsiyyətə arxalanmayasınız.

Vəsiyyət-həyatın insanlara verdiyi axırıncı fürsətdir, lakin insan gərək ona arxalanmasın və o ümid ilə yaşamasın ki, ölümündən qabaq az var-dövlətini kimə isə vəsiyyət etməklə ona kömək etmiş olacaqdır, çünki, sağ ikən, öz əli ilə kömək etməyin öz gözəlliyi vardır.

Bu hədisə diqqət yetirin:

Bir nəfər vəsiyyət etdi ki, mən öləndən sonra xurma anbarımı Allah yolunda paylayın. Onun vəsiyyətinə əməl olundu, lakin xurmadan bir dənəsi anbarın küncündə qalmışdı. Həzrət Rəsul Œ buyurdu: "Əgər o şəxs, bu bir xurma dənəsini sağlığında öz əli ilə versəydi, bu, bir anbar xurmanı vəsiyyət etməyindən yaxşı olardı".

Həzrət Rəsulullahın Œ bu hədisindən belə nəticəyə gəlmək olar ki, vəsiyyət etmək insanda "səxavət" ruhunu dirçəltmir, təkcə qarınları doydurur.

5-Vəsiyyət məhəbbətə vasitədir.

Rəvayətlərdə oxuyuruq: "Bizim mə`sum imamlarımız ülfət və mehribanlıq xatirinə, hətta imamların özləri ilə heç bir əlaqələri olmayan kəslərə də öz mallarından vəsiyyət etmiş və onlara fayda vermişlər. Bu vasitə ilə onların məhəbbətini qazanmış, onları öz yollarına və məktəblərinə cəlb etmişdir.

6-Vəsiyyət etmək bə`zi hallarda vacibdir.

Baxmayaraq ki, vəsiyyət etmək özü müstəhəbb bir əməldir, lakin Qur`anda bu tə`bir (ifadə) "kutibə ələykum" (sizin üçün yazılıb) kimi sabit olunmuşdur. Bu ibarə-"Bəqərə" surəsinin orucluğa aid olan ayələrində öz əksini tapmışdır. Şəriət hökmlərinə aid kitablarda varid olub ki, hərgah bir şəxsin əmanəti ola, ya da bir başqasına borcu ola, ona vacibdir ki, vəsiyyət etsin. Çünki o, daima narahatçılıq keçirəcək və ehtiyat edəcək ki, bəlkə əmanətə xəyanət etməyə və ya başqasının haqqı onun boynunda qalmaya.

Xüms və zəkat barəsində vəsiyyət etmək də bu timsaldadır.

7-Mal-dövləti vəsiyyət etməyin həddi.

İslam dini vərəsələrin səhmini (payını) nəzərə alaraq göstərir ki, hər bir insan sərvətinin üçdə bir hissəsini vəsiyyət edə bilər, qalan iki hissəsi varislərindir.

8-Vəsiyyət etməyi pis mə`naya yozmamaq.

Bir çox insanların vəsiyyətnamələrinin olmamağı bu dəlilə görədir ki, fikirləşirlər vəsiyyət etmək, tez ölmək deməkdir.

Buna görə pis fikirdə olduqları üçün çox zaman vəsiyyət etməkdən boyun qaçırırlar.

9-Vəsiyyət, gərək həkimanə olsun.

Qur`an o ayələrdə ki, vəsiyyət məsələlərinə toxunur və onları bəyan edir, o ayələrdə hikmətamiz və ibrətamiz bir kəlmə olan "bil-mə`ruf" kəlməsinə daha tez-tez rast gəlmək olur, bu mə`nada ki, vəsiyyətə düşüncəli bir tərzdə əməl oluna.

İzahı budur ki, adətən vəsiyyət edilən zamanda yaxın qohum-əqrəbalar nəzərdə tutulur. Bunlardan da bə`zilərinin vərəsəlik hüququ var, bə`zilərinin isə yoxdur. Əgər vəsiyyət edən şəxs, ikinci tərəfin ehtiyac içərisində yaşadıqlarını bilərəkdən, onlara mal və əmlak payı ayırmasa (baxmayaraq ki, qanunla onlara vərəsəlik çatmır), onda günah və mə`siyət etmiş olurlar. ("Vəsail", cild 13, səh. 355)

Əgər əksinə, irsi hüquqları olan yaxın qohumların həyat şəraitləri də ağır olsa, vərəsə onlara yox, ikinci tərəfə ki, irsi hüquqları da yoxdur (və həm də imkanlı adamlardırlar) onlara verilsə, belə halda da vərəsə sahibi ədalətsizlik etməklə günaha mürtəkib olmuş olur. Çünki o, fəqirlərin vəziyyətlərinin bir az da ağırlaşmasına, varlıların isə bir qədər də zənginləşməsinə yardımçı olur.

İslam Peyğəmbəri və imamlarımız dünyadan köçəndə dəyərli vəsiyyətlər ediblər. Məsələn, Rəsuli-Əkrəm Œ ömrünün son anında vəsiyyət edir ki, mən Qur`anı və Əhli-beytimi bir əmanət kimi sizə tapşırıram. Həzrət Əli ´ ömrünün sonunda oğlu imam Həsən və imam Hüseynə vəsiyyət edib, 23-mətləbi tapşırdı və imam Sadiq ´ ömrünün axırında bütün Əhli-beytinə xitab edərək buyurdu ki: "Hər kim namazı yüngül tutsa, bizim şəfaətimiz ona nəsib olmayacaq".

VƏSİYYƏT ETMƏYİN FAYDALARI

1-Vəsiyyət etmək, ölümü yada salmaqdır.

2-Başqasının hüququna hörmət əlamətidir.

3-Vəsiyyət ehtiyacı olanların ehtiyacını ödəməkdir.

4-Yığdığı sərvətdən səmərəli və faydalı istifadə etməkdir.

5-Həyatda görmədiyi və ya görə bilmədiyi xeyirli və faydalı işlərə əncam çəkməkdir.

6-Vəsiyyət uzağı görməkdir.

7-Vəsiyyət edən kəs çox yaşayar.

BƏHSİN SONU

"Vəsiyyət" bəhsinin sonunda, Qur`anda olan bir ayəyə işarə edək, hansı ki, vəsiyyət əsnasında bə`zi mühüm işlərə riayət olunmağın zəruriliyi bildirilir: "Bəlkə bir şəxs vəsiyyətnaməni görüb və ya eşidibsə, onu öz xeyrinə və ya başqa məqsədlə dəyişmiş olsa, bu işin günahı və məs`uliyyəti həmin o şəxsin boynuna gəlir". ("Bəqərə" surəsi, 181)

Bəli, vəsiyyətə aid çoxlu əməllər vardır. İmam Baqir ´ buyurur: "Vəsiyyətə əməl edin, hətta qeyri-müsəlmanlar üçün olmuş olsa da".

İslamın fiqh qanunlarına əsasən, əgər vəsiyyəti dəyişmək haqqın aradan getməsinə səbəb olarsa, vəsiyyəti dəyişən günahkardır və zərər çəkən tərəfə zamin olmalıdır, o hesab ilə ki, zərərkeşin vəsiyyətdə göstərilən irsi haqqını öz malından ödəsin.

Könül, nizami-cəhan cavidanə qalmıyacaq

Vəfası yoxdur nə pirü-cavanə qalmıyacaq

Bu aləmin neçə günlük qonağıyıq hamımız

Gələn qonaq gedər və əhli-zəmanə qalmiyacaq

Əli buyurdu bu dünya məcazi bir evdir

Bu evdə rəiyyət var babi-xanə qalmiyacaq

Yazıbdır bu sözü sənduqi gənci Qarunə

Sənə kəfən qalacaq qədi-xanə qalmiyacaq


 

II HİSSƏ

20-ci dərs

ÖLÜM NƏ DEMƏKDİR?

Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin kəsilməyindən ibarətdir.

Ruh-sanki, qaranlıq bədəndə bir çıraqdır. O, hiss üzvlərimiz vasitəsi ilə işıq saçır, özünü büruzə verir.

Ölüm-yə`ni, çırağı bir yerdən götürüb, aparıb başqa yerə qoymaq timsalındadır.

Fikrimizi bir qədər aydınlaşdırmaq üçün fərz edək ki, bir neçə yerdən deşik olan bir mağara və onun içində də bir lampa yanır. Kənardan baxdıqda, oranın işıqlı olduğunu gözlə müşahidə etmək olur, lakin lampanı oradan götürüb namə`lum bir yerə aparmış olsalar, onda həmin yer qaranlıq və zülmət olar.

İnsan-ölüm vaxtı bütün vücudu ilə ilahi mə`murların (mələklərin) tam ixtiyarında olur, lakin mələk (Əzrail) yalnız insanın ruhunu (canını) alır, cismi (bədəni) isə qalır, çünki bədən az bir müddətdə çürüyüb torpağa qarışacaq. Həm də, ruh-insan şəxsiyyətinin me`yarıdır. O, əbədi olaraq ruha bağlıdır, nəinki, cismə.

ÖLÜM ANI

Ölüm anı-çox həssas və müdhiş bir andır. Bu barədə Qur`anda çoxlu ayələr və həmçinin digər rəvayətlər də var.

Ölüm, elə bir andır ki, hətta mö`min bəndələr və yaxşı insanlar da, hətta çox qəddar, ürəyi daş və dünyada heç nədən qorxmayan insan da olsa belə-"qəbzi-ruh" olan anlarda qorxu və vahimə keçirdirlər.

Əlbəttə, bununla da razılaşmamaq olmaz ki, qorxu və həyəcan keçirərkən Allahın dərgahına, başqa bir aləmə tez bir anda keçməyə can atır. Sanki, dalğıc dəryanın dibinə baş vuraraq dürr, mirvari çıxartmağa can atır, həm də dəryada qərq olmağından qorxur.

Allah kəlamı, Peyğəmbəri-Əkrəm Œ və mə`sum imamları-mızdan varid olan hədis və rəvayətlərin sorağı ilə getsək (hərçənd ki, ölüm-qaranlıq bir məfhum, qayibanə bir İlahi sirrdir), Qur`ani-kərimdən bu ayə ("Qaf" surəsi, ayə 19) ölüm haqqında bə`zi qaranlıq mətləbləri bizim üçün açıqlayır.

Şərif ayədə buyurulur: "Vahimə gətirən ölüm haqdır. Bu, sənin əzəldən bəri qorxub qaçdığın şeydir".

Qur`an və hədislərdə rast gəldiyimiz-"səkərat" ölüm anları ilə bağlı olan bu məfhumun lüğəti mə`nası-"məst olmaq" deməkdir. Məcazi mə`nası isə "ölüm qabağı iztirab" deməkdir.

HƏZRƏT ƏLİNİN ´ ÖLÜM NAQQINDA BUYURDUQLARINDAN

Həzrət Əli ´ "Nəhcül-bəlağə"də ölüm səhnəsini bəyan edərək, buyurur: "O ki, ölüm anında insana varid olur, onu vəsf etmək (təsəvvürə gətirmək) mümkün deyil. O anda-insan bədəni süstləşir, rəngi-ruhu dəyişir, əcəl yetişir, dil tutulur, insan hələ görür və eşidir, lakin söz demək qüdrəti olmur. Fikri və zehni işləyir (İmamın buyurduğuna əsasən) yalnız keçirtdiyi ömür yolu gözlərinin önündə canlanır və fikirləşir ki, həyatda ömrünü nəyə sərf elədi, nə qazandı və indi özü ilə nə aparır?"

İmam buyurur: O anda insan az da olsa, ömrü boyu yığdığı var-dövləti də yad edərək öz-özünə deyir: "Bu var-dövləti nə yollarla ələ gətirdim, nə üçün onların halal və ya haram olması barədə düşünmədim? İndi bu sərvətin günahı və hesabı mənimlə, ləzzət və bəhrəsi isə özgələrlə olacaq".

Başqa bir hədisdə buyurulur: "İnsan canını tapşırarkən vərəsələr deyərlər: "Nə qoydu getdi?" Mələklər isə deyərlər: "Qəbir üçün nə gətirdi?"

O, bu düşüncələrdə ikən can almağa mə`mur olan ("mələkul-movt-Əzrayıl") tədricən ruhunu da əzasından ayırmağa başlayır, ta ki, dili və qulaqları da işdən düşür, fəqət gözləri görür və ətrafa baxır. Ətrafdakıların təlaş və vəhşət içərisində olduqlarını görür və hərəkətlərini müşahidə edir, lakin bir səs eşitmir və bir söz də danışa bilmir. Lap axır ləhzədə ruhu da gözlərindən çəkilib gedir və cansız cəsədi düşüb qalır. Hamı ondan qorxur və yanından uzaqlaşırlar. Bir azdan sonra onu torpağa bir də öz əməlinə tapşırır və ondan uzaq düşürlər. ("Nəhcül-bəlağə", səh. 322-325)

İnsan ölərkən mal-dövləti, övladı və əməli gözləri önündə təcəssüm edir. Həyatla vidalaşdığı anda görür ki, bu var-dövlətdən onun işinə yalnız bircə kəfən yarayır.

Övladlarına və əyalına fikir verib görür ki, onu qəbirə qədər yola saldılar, qəbirə qoyub üstünü torpaqla örtdülər və heç kim qəbirdə onun yanında qalmadı, hamı onu tərk edib get di, onunla qalan yalnız pis və yaxşı əməlləridir ki, əbədi olaraq onunla qalacaq və heç vaxt onu tərk etməyəcəkdir.

Qur`ani-kərim buyurur: "Elə ki, ölüm onlardan birini haqladı, Allahdan imdad diləyərlər və onu "qəbzi-ruh" edən mə`murlara yalvarıb-yaxarar ki, məni dirildib öz məkanıma qaytarın, mən də saleh əməllərə (Allahın bəyəndiyi əməllərə) əncam çəkim. O əməllər ki, sağ ikən onlara əhəmiyyət vermirdim". ("Mö`minun" surəsi, 99)

Lakin bu arzular əməl libası geyməz və bu nalələr hamısı rədd cavabı alar.

Rəvayətdə oxuyuruq: "Bu nalə o kəslərin olar ki, onlar xeyirxah işlər görməyib, xüms və zəkatlarını verməmiş olalar." ("Təfsirül-mizan", cild 15)

Qur`ani-kərim buyurur: "Nə qədər ki, ölüm başınızın üstünü almayıb, o ne`mətlər ki, sizə göndərmişik, onlardan ehtiyacı olanlara da yardım edin. Əgər o cür olmasa, ölüm vaxtı deyəcəksiniz: "İlahi, olmazmı ki, məni həyata qaytarasan və möhlət verəsən ki, mən yığdığım mal-dövlətdən sənin yolunda sədəqə verim?! Və bu vasitə ilə pisliklərdən təmizlənib əməli saleh bəndələrindən olum?!". ("Munafiqun" surəsi, 10)

Həmçinin qiyamətdə də günahkarların iltimasları və fəryadları ucadan eşidiləcəkdir və onda da deyəcəklər: "Xudaya, indi agah oldum, məni dünyaya qaytar ta ki, saleh əməllərimə əncam verim". ("Səcdə" surəsi, ayə 12)

Belə aydın və aşkar ayələrdən sonra insanların qəflətdə qalmaqları başadüşülməz və təəccüb doğuran haldır.

Bir halda ki, deyirik və bu əqidədəyik ki, Qur`an bütün insanların həyat yolunu müəyyənləşdirən və onları kamilliyə doğru aparan ən mükəmməl və ədalətli bir qanun toplusu olaraq, həm də müqəddəs bir kitabdır. Görəsən, insanlar bunu bilə-bilə görəsən niyə itaətsizlik edirlər?

Qur`anın "Qiyamət" surəsində Allah-taala ölüm haqqında olan ayələri belə bəyan edir: "Axirəti dünyaya satmayın ki, ölüm ayağında olanda kömək diləyəsiniz: "Aya, elə bir həkim, dava-dərman var ki, mənə ölümdən nicat verə bilsin?!" Və insan daima yadda saxlamalıdır ki, fani dünyadan başqa, bir həyat, bir ömür də var ki, daima onu təqib edir və bir zaman olacaq ki, onu ikiəlli yapışdığı bu dünyadan, mal-dövlətindən, möhtəşəm saraylarından, uca imarətlərindən və övladlarından ayıracaq.

Diqqət etsək görərik ki, Allah-taala Qur`ani-kərimdə dəmadəm insanlara ölüm və qiyamət sorğu-sualı ilə qəti xəbərdarlıq edir və dünyanı insanlara axirətdən ötrü əkinəcək yeri qərar verdiyini buyurur.

Bəli, insanların bu məşəqqətlərə giriftar olmaqları, həyatda qafil ömür sürdükləri səbəbinə irəli gəlir.

Qur`anın adlarından və sifətlərindən biri də "təzkirə"dir, yə`ni Qur`anı oxuyub anlamaq. Bu, qəfləti aradan aparan amillərdən ən mühümü və əhəmiyyətlisidir.


 

21-ci dərs

NƏCİB, XEYİRXAH ADAMLARIN "CAN TAPŞIRAN" ANLARI

Bu barədə biz, bir neçə ayə və şərif hədislərdən varid olanları sizin xidmətinizə çatdırırıq:

1-Qur`an təqva əhli və xeyirxah insanlar haqqında buyurur: "O gün ki, yaxşı işlər görmüş saleh bəndələr Allahın dərgahına gələcəklər, Allah tərəfindən onlara salam və onlar üçün "əcri-kərim" hazır olmağı haqda müjdə verəcəkdir". ("Əhzab" surəsi, ayə 43)

2-"Ey öz imanına arxayın can! Dön Rəbbinin dərgahına, sən Ondan (aldığın savabdan), O da səndən razı olan halda. Saleh bəndələrimin sırasına qoşul, cənnətimə daxil ol!" ("Fəcr" surəsi, ayə 27-30).

O hədisdə ki, mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində verib, belə oxuyuruq: -Mö`min ölüm vaxtı dəhşətə gəlir, lakin onu "Qəbzi-ruh" edən mə`mur ona ürək-dirək verərək deyir: "Niyə qorxursan?! Mən atadan da sənə mehribanam, gözlərini aç. Bu əsnada mö`min gözlərini açır və "mələkut qiyafələrini" Həzrət Rəsuli-Xudani və mə`sum imamları görər. Sonra Allah tərəfindən nida yetişir". Qayıt öz Pərvərdigarına tərəf, Mənim xas və xalis bəndələrim cərgəsində ol və Mənim behiştimə daxil ol, savaba yetişmiş halda". ("Əl-mizan" təfsiri, cild 20, səh. 416)

3-Qur`anın başqa bir ayəsində Allah-taala belə buyurur: "O bəndələr ki, "Allah bizim Rəbbimizdir" deyib,-doğru yol tutanların yanına mələklər can almağa gələn zaman deyərlər: "Qorxub eləməyin, qəm-qüssə də yeməyin, ey iman yolunun yolçuları. Nə gələcəkdə sizi gözləyən hadisələrdən qorxun, nə də keçmişinizdən. Sizə və`d verilən cənnətin müjdəsi ilə sevinin." ("Fussilət" surəsi, 30)

İmam Sadiqin ´ hədisində nəql olunur ki: "Bu mələklər, Allahın xas bəndələri "qəbzi-ruh" olarkən onlara nazil olub, behişt müjdəsi verən mələklərdir. Yuxarıdakı ayədədeyilən "nə qorxun və nə də qəm-qüssə edin" – sözü ona görədir ki, qorxu gələcəkdə ehtimal olunan təhlükədən qorxmaq, qəm-qüssə isə keçmiş hadisələri yada salıb, üzüntü keçirməkdir". ("Əl-mizan", cild 17, səh. 415)

4-"Nəhl" surəsi, 32-ci ayədə Qur`an belə buyurur: "Həmin mələklər ki, mö`minlərin canını almağa məs`uldurlar, o pak insanlara deyərlər,-"Salam olsun sizə! Daxil olun behiştə, gördüyümüz yaxşı işlər xatirinə!".

5-"Agah olun ki, Allahın övliyaları üçün qorxu və kədər yoxdur. İman gətirənlər və təqva əhli olanlar üçün bu dünyada və axirətdə də bəşarət var." ("Yunis" surəsi, ayə 63)

İmam Sadiq ´ buyurur: "Bu ayədəki "bəşarət" kəlməsi həmin bəşarətdir ki, ölüm ayağında, Allahın övliyalarının dilindən eşidirlər." ("Əl-mizan", cild 10, səh. 100)

PİS ADAMLAR CAN VERƏRKƏN

Bu barədə bəhs etmək üçün də ən ali və səhih olan mənbə Qur`an, hədis və rəvayətlərdir.

1-Qur`ani mubin, günahkarların canvermə hallarını belə təsvir edir: "O kəslər ki, günah işlər görməklə özlərinə zülm etmiş olublar, "qəbzi-ruh" olarkən can alan mələklərə təslim olaraq deyərlər: "Biz ki, bir pis iş görməmişik?!" (Bəli, o insan ki, bütün ömrü boyu hiyləgər və yalançı olub, əcəli çatdığı zaman da (hətta qiyamətdə də) öz bəd əməllərindən əl çəkmirlər, lap son və ağır anda da Allaha və Onun mələklərinə yalan söyləməkdən çəkinmirlər)), lakin onlar belə cavab eşidərlər: "Bəli, siz günahkarsınız, Allah sizin bütün işlərinizdən xəbərdardır." ("Nəhl" surəsi, 27)

2-"...Görəydiniz zalımlar ölüm qabağı necə can verirlər. Mələklər əllərini uzadaraq deyərlər: "Haydı çıxarın canlarınızı! Allahın adına haqq olmayan şeyləri söylədiyinizə görə!. Onun ayələrinə qarşı təkəbbürlük etdiyinizə görə, sizə alçaldıcı bir əzabla cəza verəcəyik!" ("Ən`am" surəsi, 93)

Bu növ can vermək iki cəhətdən irəli gəlir. Yuxarıdakı ayələrin davamı olaraq onları aşağıda bəyan edirik.

Bir cəhəti odur ki, Allahın adından yalan danışırlar. İkinci cəhəti odur ki, Allaha qarşı itaətsizlik edib, Qur`anda olan hökmlərinə tabe və onlara əməl etmirlər.

3-"Nə vaxt ki, onlara xatırladılan şeyləri unutdular, onlara hər şeyin qapısını açdıq. Onlara verilən şeyə sevinirdilər və onları qəflətən yaxaladıq. Onlar hər şeydən ümidlərini üzüblər." ("Ən`am" surəsi, 44)

Ayənin şərhi: Bu ayədən əvvəl Allah buyurur: "Biz, insanlar üçün peyğəmbərləri göndərdik, lakin onlara qarşı çıxdılar. Biz, o müxaliflərə ibrət olsun deyə, bəla və fəlakətlər göndərdik ta ki, onlar tövbə edib Allah yoluna gəlsinlər, lakin onlar qəflət yuxusundan ayılmayıb öz bəd əməlləri-nə davam edirdilər. Yenə Biz bu qafil insanları başqa bir üsulla-ne`mət və firavanlıqla imtahana çəkdik və elə ki, onlar bu var-dövləti görüb, ləzzət və fərəh içində öz kamlarına çatdılar, qəfildən onları yaxaladıq və hamısı ümidsiz oldular".

Bəli, əzablı və xətərli ölüm o kəslər üçündür ki, Qur`anın fərqinə varmır, Peyğəmbər və övliyalarının öyüd-nəsihətlərinə əməl etməyib qulaq ardına vururlar.

4-"Ənfal" surəsi, ayə 50 və "Muhəmməd" Œ surəsi, ayə 27-ci ayələri bütövlükdə, kafirlərin ölümü və can verməkləri barəsindədir və biz bunların ikisinin də şərhini veririk: Buyurur: "Ey mənim Rəsulum! Görəydin kafir olan kimsələr can verən zaman necə əziyyət çəkir, önündən və arxasından mələklər onları vuraraq deyirlər: "Dadın, yandırıcı əzabını!".

İkinci ayədə isə belə buyurur: "Canlarını almağa gələn mələklər, üzlərinə və kürəklərinə vuran zaman onların halları necə olar?!"

5-Qur`ani-şərif yenə böyük günah sahibləri haqqında "Nisa" surəsi, 97-ci ayəsində buyurur: "Özlərinə zülm edən kimsələrə mələklər canlarını almağa gələn zaman "vəziyyətiniz neçə idi?" – deyə soruşarlar, cavab verərlər: "Biz yer üzərində zavallı kimsələrdik.". Mələklər dedilər: "Bəs Allahın yeri geniş deyildimi?! Barı bir hicrət edəydiniz!" Onların yeri Cəhənnəmdir və aqibətləri necə də pisdir!".

22-ci dərs

ASAN CAN VERMƏK

Necə ki, yaxşı və bəd adamların "can vermək" ləhzələrini Qur`an ayələrinin köməkliyi ilə və hədislərdən istifadə etməklə şərh etdik. Eləcə də bir neçə hədis və rəvayətlər ki, "asan can" verməyin amillərinə işarə edir-onlara da diqqət yetirək:

İmam Sadiq ´ buyurur: "Hər kim ayağı yalın qardaşını geyindirmiş olsa, Allah-taala onun üçün ölümü asan edər."

Digər bir rəvayətdə əziz Peyğəmbərimiz (s) buyurur: "Hər kimin ürəyində Həzrət Əlinin ´ məhəbbəti olsa, onun can verməyi asan olar". Bu rəvayət Peyğəmbəri-Əkrəmin Həzrət Əlinin ´ aliməqam bir rəhbər olduğunu təsbit və təsdiq edərək bildirir ki, həqiqətən də onun vilayəti möhkəm bir qaladır, ora daxil olan, daima əmin-amanlıqda olar, inşallah!

ÖVLİYALARIN CANVERMƏ HALLARI

Mərhum Məclisi (rəhmətullahi əleyh) yazır ki, insanların ölüm anlarında Rəsuli-Xudanın və Həzrət Əlinin (Allahın salam və salavatı olsun o aliməqam həzrətlara və onların pak, münəzzəh övladlarına) başları üstünə gəldiklərindən bəhs edən 56 hədis ("Biharul-ənvar", cild 6) varid olmuşdur.

Mərhum Əllamə Təbatəbai "əl-Mizan" təfsiri kitabında (10-cu cild) bə`zi insanların ölüm ayağında Rəsuli Əkrəmi və Həzrət Əli ilə görüşünü bəyan edərək buyurmuşdur: "İnsanın ömrünün axır anlarında Peyğəmbərin və mə`sum imamların salavatullahi əleyhim onun yanında olmaları haqqında bir çox səhih rəvayətlər vardır.

Aqil insanlar bu rəvayətləri eşidərək inadkarlıq göstərmədən əql-huş ilə onları qəbul edirlər.

Məsələn, o rəvayətlərin birində varid olub ki, mö`min şəxslər son anda, Rəsuli-Xuda, mə`sum imamlar və hətta övliyalar belə, mələk qiyafəsində gözləri önündə mücəssəm olaraq, o şəxsə ürək-dirək və təsəlli verir, o da canını rahat tapşırmağa hazır olur. Lakin əksinə olsa, yə`ni bir adam hal-həyatında mə`siyətkarlıqla məşğul olubsa, o can alan mələkləri çox qorxulu bir qiyafədə müşahidə edəcək, onu xof və vahimə bürüyəcək, can verməkləri çətinləşəcəkdir.

QƏBZİ-RUH

İnsanın ölməsi, daha obrazlı və məntiqi bir anlayışla desək, ruhun cisimdən ayrılması "Zumər" surəsinin 43-cü ayəsində can almağı Özünə Allaha aid edilir. Ddigər bir ayədə "can almağı" ("mələkul-movtun") işi və vəzifəsi kimi bəyan edərək buyurur: "Onlara de ki, sizin canınızı "mələkul-movt" alır, o, həmin mələkdir ki, ruhunuzu bədəninizdən ayırmaq üçün mə`mur olunub." ("Səcdə" surəsi, 11)

Başqa bir ayədə bu iş mələklərə aid olunur: "Bizim göndərdiyimiz mələklər çaşmadan canlarını alar". ("Ən`am" surəsi, 61)

Yuxarıda zikr etdiyimiz bu üç ayə, gördüyünüz kimi, məzmunca bir-birindən zahirən fərqlənsə də, əslində bir-birinə zidd deyil. Çünki "mələkul-movt" da Allah tərəfindən bu işə mə`murdur və Qur`an bunu "vukkilə bikum" tə`biri ilə də bəyan edir.

Mələklərin məhz Allah tərəfindən mə`mur olduqlarını Qur`an "rusuluna" kəlməsi ilə bunun aydın bir həqiqət olmasına işarə edir. Bu ayənin daha gözəl və aydın şərhini İmam Sadiqin ´ kəlamında oxuyuruq: "Mələkul-movtun" (Əzrailin) mələklərdən ibarət çoxlu köməkçiləri var və bütün aləmdə onlara tapşırılan canları alır və Əzrailə təhvil verirlər. O da, öz növbəsində bu "can"ları Allah-taalaya təqdim edir." ("Biharul-ənvar", cild 6, səh. 144)

Can almağın Allaha, Əzrailə və həm də mələklərə aid olmağı səhih və təbii bir haldır, çünki yazmağı da həm insana, həm ələ və həm də qələmə nisbət verirlər. Həm də yeri gəldikdə bu ifadələri işlədirlər: "Qələm yazdı", "əl yazdı", "insan yazdı". Çünki, qələm əlin ixtiyarında, əl də insanın ixtiyarındadır.

Ölümlə əlaqədar məsələlərdə, həmçinin, mələklərin Əzrailin ixtiyarında, Əzrailin də Allah-taalanın ixtiyarında olması və taleyin gərdişinə diqqət yetirsək, görərik ki, bunlar bir-biri ilə tamamilə uzlaşır. Çünki biz insanlar maddi vücuda malik bir varlığıqsa, lakin mələklər maddi cisim deyil, eşq, ruh, ağıl və s. gözə görünməyən varlıqlar kimi hər yerdə peyda ola bilirlər.

Allahın mə`mur etdiyi mələklər üçün bu bir problem deyil, əksinə, adi bir haldır. Buna bir daha əmin olmaq üçün aşağıdakı hədisə diqqət yetirək: "Peyğəmbəri-Əkrəm Œ me`racda olarkən Əzraildən soruşur: "Necə olur ki, bir anda həm şərqdə və həm də qərbdə hazır olursan? " Cavab verdi ki: "Bütün aləm mənim nəzdimdə sizin ovcunuzda tutduğunuz bir sikkə timsalındadır." ("Təfsiri-Safi" Səcdə surəsi, ayə 11)


 

23-cü dərs

QƏBZİ-RUH ZAMANI LAZIM OLAN ŞƏR`İ TƏDBİRLƏR

Peyğəmbəri-Əkrəm Œ buyurub: "Can verən halda olan bir şəxsə əgər "La ilahə illəllah" kəlməsini təlqin etsələr və bu "tovhid" kəlməsi canını tapşıran adamın axırıncı kəlməsi olsa, o adam behiştə daxil olar." ("Məhəccətül-beyza", cild 8, səh. 262)

İmam Sadiq ´ buyurub: "İblis öz köməkçilərinə göstəriş verər ki, insanlar ölən vaxtı başlarının üzərində hazır olsunlar, onları Allah yolundan çıxarıb öz yollarına çəksinlər və bu halda da dünyadan getsinlər."

Xoş o şəxsin halına ki, "qəbzi-ruh" olanda, yatağının kənarında ailə üzvləri və ya ona ruhən və qəlbən yaxın olan bir insan ola. Belə halda lazımdır ki, can verən şəxsə "Kəlmeyi-şəhadəti" fasiləsiz olaraq son ana qədər təlqin etsinlər ta ki, o şəxs şeytanın məkrindən xilas olub, onun toruna düşməsin. Əlbəttə, bu gəlmələr həm deyən və həm də eşidən şəxs üçün iman və yəqin əsasında olmalıdır.

Mö`təbər kitablarda insanların asan və rahat can verə bilməkləri üçün imamlardan nəql olunan dualar varid olub. Onlardan bir neçəsini sizin xidmətinizə çatdırırıq:

"İlahi! Mənim həddən ziyadə olan günahlarımı bağışla! Və az olan ibadətlərimi qəbul et! Ey o Allah ki, həm az olan ibadətləri qəbul edər, çox olan günahlardan keçər. Sən əfv edən və bağışlayan Allahsan. İlahi, mənə rəhm et! Çünki, Sən rəhmlilərin rəhimlisisən".

Peyğəmbəri-Əkrəmə Œ xəbər verdilər ki, can verən bir kişinin dili tutulub. Həzrət Peyğəmbər onun başının üstündə hazır oldu və buyurdu: "De, La ilahə illəllah". Lakin o şəxsin dili açılmadı ki, bu gözəl kəlmələri dilinə gətirsin. Həzrət bu gəlməni bir də təkrar etdi. Yenə o, danışa bilmədi. Peyğəmbər baxıb gördü bu şəxsin balışının yanında bir zənən əyləşib soruşdu: "Bu kişinin anası var?" Dedi: "Bəli, mən özüm bu kişinin anasıyam." Peyğəmbər Œ buyurdu: "Ey ana, sən oğlundan razısan?" Cavab verdi ki: "Xeyr, mən oğlumdan narazıyam." Həzrət buyurdu: "Mən istəyirəm ki, sən ondan razı olasan." Anası dedi: "Mən, sizin xatirinizə onu bağışladım." Sonra Həzrət yenə o kişiyə buyurdu: "De ki, La ilahə illəllah." O şəxs də dilə gəlib bu gəlmələri söylədi. ("Məhəccətül-beyza", cild 8, səh. 265)

Bəli, ananın rizası lap son məqamda da əhəmiyyətlidir.

Can vermə halında olan müsəlmana vacibdir ki, onu arxası üstə elə uzatsınlar ki, ayaqlarının altı qibləyə tərəf düşsün və mə`sum imamlarımızdan tapşırıq var ki, İslamın səhih əqidələrinə mütabiq olaraq "üsulid-dini" və "şəhadəti" ona elə təlqin etsinlər ki, o dərk edə bilsin. Müstəhəbdir o şəxs ki, çətin can verir, əgər narahat olmasa onu, adətən namaz qıldığı yerə aparıb qoysunlar. Həmçinin onu tək qoymasınlar, "cünub" və "heyzli" adamlar onun yanında olmasın, ağlaşma olmasın, artıq söz danışmasınlar və mümkün olan qədər Qur`an surələri ("Yasin", "Saffat", "Əhzab" və "Ayətəl-kürsi") oxusunlar.

Xudaya! O vahiməli anlarda Özün kömək ol, bizi imanla və rahat can verməklə dünyadan apar!

CƏNAZƏYƏ YOL YOLDAŞI

Cənazəni yola salmağın üç məsələsi vardır:

1-Vəfat edən şəxsə ehtiram etmək;

2-Ölü sahibinə təsəlli və başsağlığı vermək;

3-Dəfndə iştirak edənlər üçün ibrət dərsi.

İmam Baqir ´ buyurur: "Hər kim dəfn mərasimində iştirak edib cənazəni müşayiət edərək mərhumun haqqında dua etsə, mələklər də öz aləmlərində həmin duanı o şəxsin haqqında Allaha iltimas edərlər.

İmam Sadiq ´ buyurub: "O şəxs ki, ölüyə namaz qılar, Allah onun günahlarını bağışlayar və o kəs ki, tabutun bir küncündən tutub, cənazəni aparmağa kömək etsə, Allah-taala onun 25 böyük günahından keçər".

Rəvayətlərdə oxuyuruq ki, Peyğəmbəri-Əkrəm Œ cənazəni yola salarkən xeyli kədərli və fikirli olur, astadan məhrumun haqqında dua edirdi. Peyğəmbər Œ buyurub: "Xəstələrə baş çəkin və cənazəni müşayiət edin ta ki, axirət sizin də yadınıza düşsün".

Digər bir hədisdə oxuyuruq: "Allah-taala, o kəslər ki, dəfn mərasimində iştirak edib, cənazəni yola salar, hər dəfə də onlara yüz milyon savab verər və yüz milyon günahlarını bağışlayar".

Bütün bunlar hamısı bir müsəlmanın digər bir müsəlmana olan son borcudur ki, müqabilində nəhayətsiz savablara çatar. Əgər, mərhum şəhid olmuş olsa, bu savablar bir neçə qat da artıq olur. Bunlar Qur`an və İslam məktəbinin faydalarını büruzə verən ibrətamiz nümunələrdir.


 

24-cü dərs

KƏDƏRLİ XƏBƏRLƏR

İslam Peyğəmbəri Œ buyurur: "O zaman ki, kafirlər-Allahın düşmənləri dünyadan gedirlər və onları aparırlar basdırmağa, Allah tərəfindən onlar üçün əzab və işgəncə nidaları gəlir. Bu nidaları dəfndə iştirak edənlər eşitməsələr də, lakin mələklər, özlərinə məxsus eşitmə orqanları ilə eşidirlər. Biz insanlarda da ki, o cür eşitmə funksiyaları yoxdur, lazımdır ki, Allahın həbibi olan Rəsuli-Xudanın hədislərinə istinad edək. Bu cür məsələlərdən bəhs edən hədislərin birində oxuyuruq:

Allahın düşməni qəbirə gedərkən, fəryad çəkərək deyir: "Mən şeytana nifrət edirəm ki, o, işvəkarlıq edərək və yağlı və`dələr verərək məni haqq yoldan azdırdı.

Mən dünyaya nifrət edirəm ki, ona ürək bağladım, ona arxalanıb Allahdan qafil oldum. Mən, üzdəniraq dostlarıma nifrət edirəm ki, məni xar və rüsvay etdilər. Mən öz ailə və övladlarımdan əl-aman edirəm ki, onların xoş güzəranları xatirinə dinimi və imanımı əlimdən verdim.

Mən, yığdığım var-dövlətə nifrət edirəm ki, paxıllıq və tamah qəlbimi kor qoyub, o var-dövləti Allah yolunda məsrəf etmədim!

Neçə vaxtdır ki, qəbir əzabı çəkirəm və naləm ərşə dirənib...

Qəbir qaranlıq və darısqal, vahiməli, qorxunc bir evdir. Ey sağ qalanlar, məbada siz aldanasınız..."

Lap axırda deyər: "Vay mənim halıma ki, Allahın yolunda səhlənkarlıq etmişəm. "

Peyğəmbəri-Əkrəmin Œ digər bir hədisində oxuyuruq: "And olsun o qüdrət sahibinə ki, canım onun əlindədir! Əgər insanlar ölülərin halından xəbərdar olsaydılar və onların ah-zarlarını eşidə bilsəydilər, onları unudub öz hallarına qan-yaş axıdarlar. Çünki, mərhumun ruhu cənazənin üstündə dayanıb fəryad çəkərək deyir: "Ey camaat! Razı olmayın ki, dünya sizinlə oyun oynasın, necə ki, mənimlə oynayıb. O mal-dövlət ki, halal-haram yolla qazanmışdım, başqalarının nəsibi oldu. İndi ləzzəti onlar görürlər, əzab-əziyyəti, məs`uliyyəti isə mənim payıma düşdü. O iş ki, mənim başıma gəldi, sizin də başınıza gələ bilər, ayıq olun, məbada dünyaya uyasınız!". ("Biharul-ənvar", cild 6, səh. 161)

Həzrət Əli ´ bir nəfərin dəfn mərasimində güldüyünü gördü, narahat oldu və buyurdu: "Sanki, bu ölüm bizim üçün yox, təkcə qeyriləri üçündür,-deyə gileylənərək davam etdi: Mən təəccüb edirəm o adamlara ki, ölümü gözləri ilə gördükləri halda belə, qafil olaraq qalmaqda davam edirlər. " ("Biharul-ənvar" 6, səh. 136)

İmam Sadiq ´ buyurur: "Hərgah cənazənin ardınca gedirsənsə, fərz et ki, sən özün o tabutun içindəsən, iltimas edirsən ki, "İlahi, məni həyata qaytar" və Allah da iltimasını eşidib qaytarır. Bəs indi sən necə yaşayacaqsan?!"

KƏFƏN MƏSƏLƏSİ

İmam Riza ´ buyurub: "Kəfən, ondan ötrüdür ki, Allahla görüş zamanı pak və təmiz nəzərə çarpsın, bədəni və əzaları görsənməsin. Həm də ölüyə ehtiram əlamətidir ki, insan ölmüş də olsa, alçaldılmasın, şəxsiyyəti təhqir olunmasın."

Rəvayətlərdə bizə tapşırılıb ki, yaxşı olar kəfən o parçadan olsun ki, müsəlmanlar həcc mərasimində və ya ibadət vaxtı ondan istifadə edirlər.

Müstəhəbdir ki, insan öncədən öz kəfənini hazırlasın. Hərdən də o kəfənə baxıb ölümünü yadına salmaqla, həm də savaba çatsın.

QÜSL VƏ DƏFN MƏRASİMLƏRİ

İmam Riza ´ buyurub: "Ölüyə qüsl verməkdə əsas məqsəd budur ki, insan ölümündən qabaq tutulduğu xəstəliklərdən və natəmizlikdən xali və pak olsunlar. Bir də ki, mələklərlə və axirət əhli ilə natəmiz halda görüşmək bir növ ədəbsizlikdir". ("Vəsail", cild 2, səh. 279)

İmam Rizanın ´ digər bir hədisində nəql olunur ki, meyitin dəfn olunmasının fəlsəfəsi və dəlili odur ki, insanlar cəsədin çürüyüb xarab olmasından və onun üfunətli iyindən narahat olub zərər çəkməsinlər.

Ey dil oyan göz aç keçib ömr, cavanlıq hanı?!

Bel bağlama cəhanə, vəfayi cəhan hanı?!

Hər gün gəlir dolur boşalır karivan gedir,

Bu karvansaraya gələn karvan hanı?!

Ey dil gözün aç gör hami ayati Xudanı

Gör nodular torpaqda yatan pirü cavanı

Torpaqdın əvvəl genə torpaq olacaqsan

Min il ola ömrün yenə axir öləcəksən

Gülşəndə solan gül kimi sən də solacaqsan

Hər neyləmisən rəbrinə o yanda görəcəsən

Qəbr üstə gedəndə qulaq as gör ki nələr var

Bax daşların altında əcəb həmhəmələr var

İsmətli Züleyxa dedi dön bax mənə Yusif

Allah nə gözəl göz yaradıbdir sənə Yusif?!

Həzrət dedi qəflətdə yatıbsan bu nə sözdur?!

Əvvəl ki süzər qəbrə həman bu iki gözdür!

                                ***

Hər gün gəlir qulağıma bir səs məzaridən

Gəl-gəl deyir yolunu gözləyir  bu xaneyi-ləhəd

Gəl tez qutar bu murilə mar intizarıdən

BİR NEÇƏ ŞƏR`İ MƏSƏLƏ

Hər bir müsəlman dünyasını dəyişərkən lazımdır ki, onun haqqında 4 hökm əncam verilə – qüsl, kəfən, namaz, dəfn. Diqqətinizi bunlardan birinə (qüslə) aid olan ümdə bir mətləbə yönəltmək istəyirik. Belə ki, ölünü qüslə hazırlayarkən, lazımdır ki, onu ayaq tərəfdən soyunduralar və əgər köynəyini cırmaq lazım gəlsə , vərəsələrindən icazə alsınlar. (Əziz oxucular! Bu bir ibrətdir ki, insanın nə qədər mal-dövləti olsa belə, ölüm məqamında əynində olan axırıncı köynəyinin də ixtiyarı artıq özündə yox, özgəsində olur).

NƏ ÜÇÜN ÖLÜYƏ "7" VƏ "40" MƏRASİMİ KEÇİRİLİR ?

Mərhumlara "7" və "40" mərasimlərinin keçirilməsinin bir neçə elmi dəlili var. Onlardan birini burada qeyd edirik:

İnsanın daxili aləmində üç cür ruh (can) vardır: insani ruh, heyvani ruh, nəbati ruh.

1-İnsani ruh-insan ana bətnində olarkən, Allahın iradəsi ilə, 4 aylığında onun bədəninə daxil olur. Bu ruh insanlarla ömürlərinin axırınadək bir yerdə olur, yalnız insan öldüyü anda ruh da bədəndən ayrılır (Bu növ ruhun haqqında gələcək kitablarımızda oxuyacaqsınız, inşallah!).

2-Heyvani ruh-insan vəfat etdikdən sonra 7 günədək insan bədənində qalır, sonra isə o da insan bədənini tərk edir. Buna dəlil odur ki, əgər meyiti 7 gün ərzində yusalar, o, daha da gözəl görsənər, sonra isə yox.

3-Nəbati ruh-insan öldükdən sonra 40 gün onunla birlikdə olur. Buna da dəlil budur ki, 40 gün ərzində əgər meyitin tükü və ya dırnağı tutulsa, o yenidən bitər (uzanar, inkişaf edər), 40 gündən sonra bədəndə tam çürümə gedir.


 

25-ci dərs

BƏRZƏX ALƏMİNƏ DAXİL OLMAQ

Qur`an ayələri, islami rəvayətlər və əqli dəlillərə əsaslanaraq insanlar özləri də təsdiq edirlər ki, "ruh" ölmür, o əbədidir və üfunətli cəsəddə ruhun qərar tutmağı namümkündür, əksinə, ruh, cisimdən ayrılmaqla azadlığa, sərbəstliyə çıxmış olur.

Bir çox alimlər ki, "Məad" barəsində kitab yazır, "ruhun mövcudluğu və əbədiliyi" haqqında müfəssəl mə`lumatlar verirlər.

Təkrar olmasın deyə, məqsədimiz bunları bir daha sadalamaq deyil, əksinə, Qur`anı rəhbər tutaraq Məada aid oxuculara bəlli olmayan bə`zi qaranlıq mətləblərə işıq saç-maqdır.

Ruhun diri və əbədi olmağı və insanın cismani yox, mə`nəviyyatına aid olan bir mövcudat olmağına dəlil olan adi bir misal çəkək:

Əgər 10 yaşında bir uşağa, bir sillə vurub və dərhal aradan çıxsanız 60 il sonra sizə rast gəlsə və sizi tanısa, söz yox ki, intiqam almaq niyyətində olacaq. Siz üzrxahlıqla and-aman edib bildirsəniz ki, bu hadisə 60 il bundan qabaq olub, ondan sonra sənin üzünün hüceyrələri bir neçə dəfə dəyişib (İnsan bədəninin hüceyrələri hər 7 ildən bir yenisi ilə əvəz olunur).

Bu üz, həmin sənə sillə vurduğum üz deyil. Lakin o israr edərək deyəcəkdir: "Siz məni vurmaqla şəxsiyyətimi təhqir edibsiniz. Mən də bunun əvəzini çıxmaq istəyirəm. Üzün hüceyrələrinin şəxsiyyətə dəxli yoxdur!".

Və, yaxud digər bir misal: Fərz edək ki, bir nəfər maşını ilə gedərkən qəza törədir. Tez aradan çıxaraq paltarını dəyişir və maşını da başqa bir maşınla əvəz edir. Belə bir vəziyyətdə inzibati orqan tərəfindən tutulub, məs`uliyyətə cəlb olunduqda deyə bilərmi ki, mən həmin şəxs deyiləm? Əsla, yox.

Çünki, cənab müfəttiş haqlı olaraq ona irad tutub deyəcək ki: "Bizim işimiz sənlədir, maşınınla və paltarının rəngi ilə deyil".

Bütün bu kimi həyati proseslər ona işarədir ki, insanın cismani cəhətdən dəyişilməsi, onun şəxsiyyətinin dəyişilməsinə dəlalət etmir.

Hamıya mə`lumdur ki, insan cəsədi vaxt ötdükcə qəbirdə çürüyür. Elə hallar olur ki, həmin çürümüş meyit, sağlam və salamat şəkildə, öz qohum-əqrəbasının yuxusuna girir və gələcəkdə üzləşə biləcək bə`zi hadisəni o şəxsə söyləyir. Yalnız yuxu çin olandan sonra, yə`ni yuxuda gördüyü həmin hadisə baş verdikdən sonra o şəxs agah olaraq görür ki, yuxuda gördükləri bir həqiqət imiş.

Bir daha təsdiq olunur ki, ruhun mövcud olması və fəaliyyəti insan bədənin çürüməsi ilə tamamlanmır, yə`ni ruh, həmin bədənin əsiri deyilmiş. Nə qədər ki, o bədən salamat idi, yaşayırdı, onunla birgə iş görürdü, elə ki, çürüdü ruh o bədəni tərk edib, müstəqil olaraq (əlbəttə, Allahın izni ilə) özünə müvafiq bir bədənə – bərzəx bədəninə daxil olub, onunla da fəaliyyətini davam edir.

RUHUN TƏHVİL ALINMASI

İnsan ölümü barəsində Qur`andakı söz açaraq "təvəffa" istilahının həm lüğəti, həm də məcazi mə`nasına diqqət yetirək və görək ki, hikmət nədən ibarətdir.

Məsələn, "Zümər" surəsinin 42-ci ayəsində buyurulur: "İnsan ölüb həyatdan köç edərkən, Allah onu bütün varlığı, şəxsiyyəti və əməlləri ilə təhvil alır".

Diqqət edirsinizmi ki, Allah tərəfindən mə`mur olan mələklərin vasitəsi ilə ruhun və ya canın alınması onların "baqi" qalmalarından xəbər verir.

BƏRZƏX ALƏMİ

Qur`an nəzərincə ölümdən sonra insan, maddi aləmlə vidalaşıb, digər iki aləmdə qərar tutacaqdır: Onlardan birincisi "bərzəx" (müvəqqəti aləm), digəri isə – qiyamət (axirət günü) əbədi aləmdir.

Bərzəx aləmində insan əməllərinin nəticəsinin (mükafat və cəza) yalnız müəyyən hissəsini görəcəkdir. "Bərzəx" aləmi, fərdi xüsusiyyət daşıyır, qiyamət isə ümumi.

Qur`an bu barədə buyurur: "Onların ardınca, qiyamət günü dirilənədək "bərzəx" aləmi gözləyir." (Mu`minun, ayə 100)

"Bərzəx aləmi" dedikdə, "qəbir aləmi" nəzərdə tutulur. O aləm ki, orada insan qiyamətədək bir növ özünəməxsus həyat sürür, yaşayır. Biz bu gerçəkliyi Qur`anın bir çox ayələrində, həm şiə, həm də əhli-sünnə arasında geniş yayılmış rəvayətlərdə, aydın təzahürünü görürük.

BƏRZƏX-Dünya və axirət həyatı arasında olan bir dövrdür. Elə bir dövr ki, yaxşı əməl sahibləri üçün sanki, "bədən" deyilən bir qəfəsdən azadlığa və aydınlığa çıxmaqdır. Günahkarlar üçünsə vəhşətli və vahiməli bir məkandır ki, bu barədə imam Sadiq ´ belə buyurur: "And ola Allaha ki, mən, sizdən ötrü "bərzəx" əzabından qorxduğum qədər, digər bir əzabdan qorxmuram, çünki, qiyamətdə kənarınızda olub inşallah ki, sizə şəfaət edəcəyik, lakin bizim "bərzəx"lə işimiz yoxdur. "

Qur`anda "bərzəx"ə dəlil olan ayələrin birində oxuyuruq: "Fir`on və onun kimilər hər səhər və axşam yer atəşində yanarlar və o zaman ki, qiyamət bərpa oldu, onda onlar daha şiddətli əzaba düçar olarlar."

İmam Sadiq ´ bu ayənin şərhində belə buyurur: "Qiyamətdəki əzab daimidir, ayədə adı çəkilən yer atəşi ki, səhər-axşam günahkarlar onda yanırlar, o əzab "bərzəx" aləminə aiddir."

Digər bir ayədə oxuyuruq: "Nuh qövmü çoxlu xətalara yol verdiklərinə görə dəryada qərq oldular və atəş əzabına düçar oldular". Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: "Bu ayədə "atəşə daxil olmaq" məfhumu "bərzəx"dəki atəşə işarədir."

Bu ayənin maraqlı cəhəti ondadır ki, "qərq olmaq" və "odda yanmaq" gəlmələri yan-yanadır„ Bu "qərq olmuş" adamların cəsədləri suda, ruhları isə "bərzəx"də "atəş" içə-risindədirlər, Eyni ilə ona bənzəyir ki, bir şəxs çox geniş və rahat bir yerdə yatar, lakin "aləmi rö`yada" isə onu çox darısqal və qaranlıq bir yerdə məngənə kimi sıxırlar.

Şəhidlər barəsində nazil olan ayələrdə də, Qur`an buyurur: "Güman etməyin ki, Allah yolunda şəhid olanlar ölüdürlər, əksinə, diridirlər, şad və xürrəm bol ne`mətlər içərisində yaşayırlar" ("Bəqərə" surəsi, ayə-154)

Rəvayətlərdə oxuyuruq ki, günahkarlar elə ki, "bərzəx" əzabını müşahidə edirlər, fəryad çəkərək deyirlər: "İlahi! Qiyaməti bizim üçün bərpa etmə!".


 

26-cı dərs

BƏRZƏX ALƏMİNDƏ HƏYAT NƏ CÜRDÜR?

O əsrarəngiz və namə`lum aləmə əlimiz çatmadığına görə, gedib öz gözümüzlə görə bilmədiyimiz üçün əlacımız ancaq ona qalır ki, bütün bu və digər suallara cavab verə biləcək yeganə və dəyərli mənbə olan Qur`ani-Şərifə müraciət edək. Söz yox ki, hədis və səhih rəvayətlərin köməyindən də istifadə edəcəyik.

İnsan-iki bədənə malikdir: "Yüngül" və "ağır" bədən. "Ağır" bədən o bədəndir ki, ayıq ikən onunla birgə yaşayırıq. "Yüngül" bədən o bədəndir ki, biz yuxuda onunla görüşür və danışırıq.

Nə üçün bəs bu bədəni "yüngül" adlandırırıq? Çünki, yuxuda daldığımız ani bir vaxt ərzində, bədənimiz yer kürəsinin bir qütbündən, digər bir qütbünə yer alır, üzmək bilmədiyimiz halda, dəryalarda üzgü vurur, qanadlarımız olmadığı halda, səmada təbii əllərimizi yana açaraq quş kimi pərvaz edirik və bu uzaq məsafələri ki, rö`yada bir an ərzində qət edirik, adi halda bu məsafəni başa vurmaq üçün ən iti sur`ətlə uçan təyyarə ilə uçmalı olsaq belə, bir neçə saat vaxt lazım olar. Buna əsasən deyə bilərik ki, o bədən "yüngül" bədəndir, çünki bir ləhzədə minlərlə kilometr yolu gedir, uçur və üzə bilir. Elə bir halda ki, ayıq ikən bir bədən, yuxuda ikən digər bir bədənlə yaşayır və əlaqədə oluruq.

Biz bu dünyada hər iki "bədənimiz"lə birgə yaşayırıq, lakin qəbirdə və "bərzəx"də isə yalnız "yüngül" bədənimizlə yaşayırıq, ta o vaxta qədər ki, qiyamət günü bərpa olur. Onda yenə Allahın qüdrət əlləri ilə çürümüş sümüklərimizdən əvvəlki "ağır" bədənimiz təşəkkül tapacaq, eyni ilə yuxu və ayıqlığın qovuşduğu kimi.

Bir misal:

Təsəvvür edək ki, sürücü bir maşından düşüb, digər bir maşına minir, hansı ki, mühərrik və sür`ət cəhətindən əvvəl mindiyi maşına nisbətən qat-qat qüvvəli və sür`ətlidir. Eyni ilə insan yuxuda ikən onun bədənində sürücü rolunu oynayır və həmin ruh yatıb yuxuya dalmış bu "ağır" bədəndən xaric olub digər bir bədəndə qərar tutur və öz iradəsinə əsasən hərəkət edir. İnsan qəlbi də həmin mühərrik timsalındadır, lakin lazım gəldikdə sürücü onu müvəqqəti (və nə vaxt isə həmişəlik) söndürür, ondan xaric olur və başqa maşına minərək onu idarə edir.

Bayaq sürücü maşını müvəqqəti olaraq tərk etdiyindən, yalnız mühərriki saxlamışdı, yə`ni maşının hərəkət funksiyası dayanmışdı, maşın xodda və mühərrik işləyirdi. Əcəl çatdıqda isə sürücü köhnə, sınıq maşını qapısını çırpıb getdiyi kimi, ruh da insan bədənini o cür tərk edir.

Bunlara rəğmən deyə bilərik ki, "bərzəx" aləmindəki həyat, "aləmi-rö`yada olan həyat kimidir. Necə ki, oyaq vaxtı və yuxuda olarkən dünya ləzzətini, ağrı və acılarını hiss edib duyuruq, öləndən sonra "bərzəx" aləmində də ruhumuz lətif və (yüngül) xəfif bir bədənlə əlaqəli olub, qiyamətədək orada yaşayır. Burada olduğu müddətdə itaət əhlidirsə, o, maddi və mə`nəvi ləzzətlərdən bəhrələnir və əgər günahkardırsa, əzab və işgəncəyə mə`ruz qalır.

QƏBİR SORĞU-SUALI

İmam Sadiq ´ buyurub: "Hər kəs bu üç məsələni – 1) Peyğəmbəri-Əkrəmin me`racı, 2) Qəbirdə Nəkir və Münkirin suallarına cavab və 3) Qiyamət günü övliyaların Allahdan şəfaət diləməyini inkar etmiş olsa, o bizdən deyil."

Mərhum Əllamə Təbatəbai bu barədə diqqəti cəlb edən bir misal çəkmişdir. O buyurur: "İnsanın "bərzəx"dəki halı, o kəsin halına bənzəyir ki, sanki cinayət işi görmüş bir şəxsi məhkəmə prosesi gözləyir."

QƏBİRDƏ NƏDƏN SUAL OLUNAR?

İmam Zeynəl-Abidin ´ hər cümə günü Peyğəmbəri-Əkrəmin Œ məscidində moizə edirdi. Moizə əsnasında, insanın həyatdan gedərkən qəbir evində rastlaşacağı, mövzuda söhbət edirdi ta ki, insanlar aqibətlərini yada salaraq huşyar olsunlar. İmamın ´ o bəyanları tərcümə edib, sizin ixtiyarınıza veririk.

1-Nəkir və Münkərin qəbirdə, insandan ilk sualı bu olacaqdır ki, sən Allahpərəst idin, yoxsa müşrik?

2-Dinindən, kitabından və Peyğəmbərindən soruşacaqlar.

3-Vilayət haqqında soruşacaqlar ki, hansı rəhbərə e`tiqad və e`timadın vardı?

4-Ömründən soruşacaqlar ki, hansı yolda sərf etmisən?

5-Mal-dövlət və qazancın haqqında soruşacaqlar ki, nə yolla ələ gətirmişsən? Və hansı yolda sərf etmişsən?

Sonra İmam Səccad ´ sözünə davam edərək buyurur: "O keçənin sorğu-sualı üçün hazır olun."

6-Ddigər rəvayətlərdə nəql olunur ki, həmçinin dost haqqında da sual olunacaqdır: "Kimlə dostluq etmişsən?"

KİMLƏRDƏN SORĞU-SUAL OLUNACAQ?

Bə`zi rəvayətlərdə oxuyuruq ki, qəbirdə yalnız o şəxslərdən sual olunacaq ki, onlar kamil imana malik olsunlar və ya xalis kafir olsunlar. Yə`ni o şəxslər ki, həqiqi mö`mindirlər və ya həqiqətən kafirdirlər. Lakin adi insanlar "bərzəx" aləmində qiyamət gününədək sərbəst olacaqlar.

SORĞU-SUALDAN SONRA NƏ OLACAQ?

Bir çox rəvayətlərdə varid olub ki, xeyir əməl sahiblərinə sorğu-sualdan sonra əmr olunacaq "yatın" və onlar da yatıb şirin yuxular görəcəklər. ("Biharul-ənvar", cild 6)

Bu qəbildən olan rəvayətlərin əksəriyyətində elə tə`birlər var ki, məzmunları eyni olub, şirin istirahəti bildirirlər.


 

27-ci dərs

QƏBİRDƏ LƏZZƏT, YOXSA ƏZAB?

Mö`təbər mənbələrdə belə bəyan edilir: "Əgər dünyadan gedən insanlar abırlı və yaxşı insanlar olsalar, Allah dərgahında sonrakı həyatlarını rəhmət, rahatlıq və ruzi ilə yaşamaqda davam edəcəklər. Bu da, "bərzəx" aləminə məxsus olan bir mükafatdır". Qiyamətə gəldikdə isə "behiştin daha gözəl və bol ne`mətləri vardır".

Digər cəhətdən əgər dünyadan gedən insan bədxislət və haqqı inkar edəndirsə, onlar bərzəxdə qaynar suyun içərisinə salınacaq və qiyamətdə də cəhənnəmə vasil olacaqlar."

Həzrət Əli ´ öz oğluna yazdığı məktubda buyurur: "Qəbir – bir qrup insanlar üçün barlı-bağatlı, behişt timsallı bir yer olar, bə`ziləri üçünsə, cəhənnəm atəşini göstərən, od püskürən nəhəng və dərin quyular olar".

BƏRZƏXDƏ YOL YOLDAŞLARI VƏ ONLARIN HİMAYƏÇİLƏRİ

Rəvayətlərdə oxuyuruq ki, insanların bə`zi xeyir əməl-ləri, məsələn, namaz, oruc, həcc, həmçinin dini əqidəsi (vilayəti tanımaq) və s. çox gözəl qiyafədə və zinətli libaslarda insanların yanında hazır olacaq və deyəcəklər: "Biz, həmin gözəl əməllərinizik" və bu vasitə ilə onlar "bərzəx"də şən, firavan ömür sürəcəklər. " ("Biharul-ənvar", cild 6, səh. 234)

BƏŞARƏT

Bə`zi rəvayətlərdə oxuyuruq ki, "bərzəx" aləmində mö`min insanlara behişt müjdəsi veriləcək və gələcəkdə cənnətin hansı guşəsində onlar məskunlaşacaqlarsa, o yer də onlara göstəriləcəkdir.

QƏBRİN ƏZABI VƏ YA SAVABI

Mərhum Məclisi (rəhmətullahi əleyh) hədislərdən nəql edərək buyurur: "İslam ümmətinin hamılıqla qəbul etdikləri "bərzəx" aləmi savab və ya əzab dayanacağıdır".

"Bərzəx" aləminə məxsus olan əzab və savab haqqında bəhs edən bu kimi çoxlu rəvayətlər həm sünnü, həm də şiə alimləri tərəfindən, o cümlədən, görkəmli şəxsiyyətlərdən olan Xacə Nəsrəddin Tusi, Əllamə hilli və Şeyx Müfid tərəfindən də nəql olunmuş və yayılmışdır.

"BƏRZƏX"DƏ OLANLARI HİSS EDİB, DUYA BİLİRİKMİ?

Cavab: "O Allah ki, odu ağacın batinində (tərkibində) məxfi saxlayır, "O", "bərzəx" aləmində olan qəbir əzabını da, gözlərimizdən gizli saxlaya bilər.

O Allah ki, Həzrət Cəbraili Peyğəmbərə Œ nazil edir, lakin başqaları onu müşahidə edə bilmirlər. O, (qadir Allah) edə bilər ki, insanları qəbirdə sorğu-sual etmək üçün iki mələyi (Nəkir və Münkiri) mə`mur edib göndərsin, lakin xalq (diri camaat) onları görə bilməsin.

Bəs nə cür olur ki, insan yataraq yuxusunda ilan görür və ilan onu sancdıqda yuxuda ikən qışqırıb-bağırır, lakin ayıq insanlar onun ətrafında durduqları halda nə ilan görürlər, nə də əqrəb, həmçinin o ömür ki, "bərzəx"də keçir, eləcə də gözlərimizdən pünhandır.

Nəhayət, qəbirdə əzab və savab məsələsi çətin bir məsələ deyildir. Bir halda ki, aydın həqiqətləri bir olan Allah bilir, ona hər şey agahdır və onun izni ilə Peyğəmbərlər və imamlar həqiqəti aşkara çıxartmaq üçün lazım olan məqamlarda hazır olacaqlar.

BƏRZƏXİN ƏZAB AMİLLƏRİ

1-Hədislərdə oxuyuruq ki, bə`zi şəxslər "bərzəxidə şiddətli əzaba giriftar olacaqlar. Elə ki, bərzəxdəki mə`murlar başlayacaqlar ona qamçılar vurmağa, o da yalvarıb-yaxaracaq ki, ona rəhm etsinlər. Və qamçı hər dəfə kürəklərinə dəyərkən mə`murlar deyəcəklər, bu ondan ötrüdür ki, sən nə vaxtsa namazı yüngül hesab etmişdin, haçansa dəstəmazsız namaz qılmışdın və bir zaman zəif və miskin insanların yanından ötüb keçərkən onlara yardım göstərmədin.

Nəhayət, bir qədər nalə və fəryad çəkdikdən sonra ona elə bir zərbə vuracaqlar ki, qəbiri alova bürünəcəkdir.

2-Hədislərdə oxuyuruq ki, qəbir əzabının üçdən bir hissəsi qeybətə görədir.

3-Həzrət Əli ´ buyurub: "Söz gəzdirənlər,  ayaq üstə duraraq bövl (sidik) ifraz edənlər (hansılar ki, sidik damçılarının üstünə sıçrayıb murdar olmağından ehtiyat etmirlər) qəbirdə əzaba düçar olacaqlar".

4-O kişilər ki, xanımından uzaqlaşar və təbii ehtiyacları ödəməz və s.

İSLAM PEYĞƏMBƏRİNDƏN İBRƏTAMİZ BİR XATİRƏ

Sə`d ibn Məaz Peyğəmbəri-Əkrəmin Œ ən yaxın dost-larından biri idi. Bir gün Həzrət Peyğəmbər onun ölüm xəbərini eşidib, səhabələri ilə ayaqyalın və əbasız onun dəfninə tələsirdilər. Hüzür yerinə çatarkən Həzrət, dərhal buyurdu ki, onu qüsl edib, kəfənə tutsunlar. Qüsl qurtaranadək gözlədi. Cənazə hazır olanda özü də bir tərəfindən tutub qəbiristanlığa yollandılar. Cənazəni qəbiristanlığa gətirib çıxartdıqdan sonra, Həzrət Rəsul köməkləşib mərhumu qəbirə qoydu, üstündən də ləhəd daşlarını düzərək yan-yörəsini palçıqla bərkitdi. Sonra da üstünə torpaq tökdülər. Onda Rəsuli-Əkrəm Œ üzünü ətrafdakılara tutaraq söylədi: "Əyyuhəl-muslimin! Mən bilirəm ki, onun kəfəni və bədəni qəbirdə çürüyəcək, ancaq Allah, o kəsləri sevir ki, onun öhdəsinə düşən işə məs`uliyyətlə yanaşsın və o işləri dürüst yerinə yetirsin və məs`uliyyətdən yaxasını kənara çəkməsin. Hər halda mən ləhəd daşını möhkəm qoymuşam".

Sə`din anası baxıb gördü ki, Peyğəmbər Œ oğlunun xətrini çox istəyir və dəfnində də yaxından iştirak edir, xoşhal olaraq öz oğlu haqqında belə dedi: "Ey oğlum, xoş sənin halına, behişti qazandın!"

Bunu eşidən Həzrət Rəsul buyurdu: "Ey ana, tələsmə! Və oğlunun da behiştə daxil olacağına tam əmin olma. Doğrudur, mən görüb və müşahidə etdim ki, mələklər başaçıq, ayaqyalın oğlunun cənazəsini müşayiət edirlər, mən də tə`xirə salmadan ayaqyalın onun dəfninə tələsdim. Buna baxmayaraq hər bir şəxs dünyada yol verdiyi səhv və nöqsanlarına görə ölümündən sonra tənbeh olunacaqdır. Sənin oğlun Sə`d də ailədə yoldaşına qarşı pis davranışına görə, hal-hazırda qəbir onu sıxır".

Bu diqqəti cəlb edən və insanı düşündürən hədisdən bir neçə ibrətamiz dərs almaq olar:

1-Allahın istəkli Rəsulu, ümmətinin xilaskarı, bütün bəşərin ən kamili və xeyirlisi olan əziz Peyğəmbərimiz onun dəfnində can-başla iştirak etdi.

2-Allahın mə`mur etdiyi mələklər, mö`minlərə ehtiram naminə yerə nazil oldular və dəfn mərasimində iştirak etdilər.

3-Həzrət Rəsul buyurdu;-İşlərinizdə diqqətli və məs`uliyyətli olun!

4-Ana o dərəcədə oğlunun imanından və ə`malından xatircəmdir ki, onun nöqsanlarını dərk etməyərək yerini behiştdə görür.

5-Heç kimin haqqında bədgümanlıq edib, onun behiştə və ya cəhənnəmə getməyinə qərar verməyin.

6-İslam mədəniyyətinin üstün və mühüm cəhətlərin-dən biri də kişinin öz əyalı ilə rəftarının müəyyənləş-dirməsindədir ki, kişi ailədə bədrəftar olduqda, ölümündən sonra onu "bərzəx"də sıxıntı və narahatçılıq gözləyir.

7-Kişinin öz evində əxlaq dərəcəsi o qədər mühümdür ki, baxmayaraq mələklər köydən nazil olub, cənazəsini müşayiət ediblər və Peyğəmbər Œ özü şəxsin dəfnində iştirak edib, bununla belə o şəxsin bəd əxlaqına görə "bərzəx"də onun üçün nəzərdə tutulan cəza tədbiri öz qüvvəsində qalmışdır.

8-Bu hədis bir daha da uca Tanrının ədalətini bəyan edərək insanlara xəbərdarlıq edir ki, məbada Allahın, Peyğəmbərlərin və İmamların şəfaətinə arxalanıb dini və dünyəvi işlərində səhlənkarlığa yol verməyələr. Bəlkə də hər an ürəklərində bir qorxu, təlaş hissi keçirərək düşünüb daşınmalıdırlar ki, bizim əhəmiyyət vermədiyimiz cüz`i bir xəta (günah) sadir olarsa, onda onun məhləkəsindən bizi böyük və əfzəl ibadətlərimiz də qurtara bilməz.


 

28-ci dərs

NƏ ÜÇÜN MÖ`MİNLƏRDƏN BƏ`ZİLƏRİ "BƏRZƏX"DƏ ƏZAB ÇƏKİRLƏR?

Əgər insan (mö`min) isətəsə ki, qiyamət günü hər cəhət-dən pak, yə`ni bütün günah və çirkinlikdən təmizlənmiş halda behiştdə daxil ola, yaxşı olar ki, aşağıdakı hədisə diqqət yetirsin.

Həzrət Allahın Rəsulu Œ buyurub: "İman əhli üçün qəbir əzabı və sıxıntıları, onun dünyada tutduğu günah işlərə (ne`mətləri zay və israf etdiyinə görə və s.) bir kəffarədir ki, "bərzəx"də ona əncam verilir".

"BƏRZƏX"DƏ SƏADƏT VƏ RİFAH AMİLLƏRİ

1-Qur`an buyurur: "O kəslər ki, Allah yolunda şəhid olublar, güman etməyin ki, ölmüşdürlər. Əksinə, o yaşayır və Allahın dərgahında ne`mətlər içərisində firavan həyat sürürlər". ("Ali-İmran", 169)

Bu ayələrdən görürük ki, şəhidlərin Allah yanında nə qədər qiymətləri vardır.

Əlbəttə, bu mükafatlar təkcə Allah yolunda cəbhələrdə döyüşərək şəhid olanlar üçün deyildir.

Aşağıdakı hədisə diqqətinizi cəlb etmək istəyirik:

İmam Sadiq ´ buyurur: "Əgər sizlərdən hər hansı biriniz, mə`sum imamlarınızı bütün işlərinizdə özünüzə rəhbər sayıb onların xətlərini davam etdirərək dünyadan görsəniz, şübhə yox ki, şəhid mənzilətində olacaqsız. Hətta öz ya-tağınızda rəhmətə getmiş olsanız belə, şəhidlər kimi diri olacaq və Allahın mərhəməti sayəsində "bərzəx"də firavan ömür sürəcəksiniz".

Həmçinin insan mə`sum imamlarımızın xəttini rəhbər tutaraq, həyatda rast gəldiyi bütün əzab-əziyyətə və çətinliklərə səbir edərək dözüb, öz əqidəsindən dönməyərək tutduğu haqq yolu axıradək davam etdirə, başqalarına da düzgün isti-qamət verə və dünyadan getsə, şəhid mənzilətindədir, çünki o da şəhid kimi öz müqəddəs amalı uğrunda canını fəda etmiş olur.

2-Hədislərin birində oxuyuruq ki: "Həzrət Əli ´ buyurub: "Əgər bir şəxs, əqidəsi zəif olan insanları təqvaya də`vət edə, onu müxaliflərin müqabilində möhkəm dəlil və həyati faktlarla silahlandıra o şəxs "bərzəx"də Allahın lütf və mərhəmətində qərar tutar."

Bəli, insan baxmayaraq ki, küfr və zəlalət hökm edən bir mühitdə yaşayıb İslam maarifini, haqqı dərk etmək yollarını xalqa tanıtdırmaq və təlqin etməklə, qiyamət günü yüksək məqamlara çatmaq üçün zəxirə əldə etmiş olur. Necə ki, Qur`an, ayeyi-şərifdə buyurur: "Yaxşılıq (ehsanat) edənlərin mükafatı, Məgər yaxşılıq (ehsanat) olmaz? ("Ər-Rəhmani surəsi, 60)

Bunlarla yanaşı Allah-taala onun qəbrini əlbəttə, tər çiçəkləri olan bir gülüstana döndərər.

3-Bə`zi rəvayətlərdə mütabiq olaraq, cümə axşamı və cümə günlərinin ehtiramı naminə ki, müqəddəs zamanlardır, hər kim o gecə və ya cümə günü dünyadan getmiş olsa, o, inşallah ki, Allahın lütfündə qərar tutar və qəbir əzabı ondan uzaq olar. ("Biharul-ənvar", cild 6, səh. 230)

4-Bir hədisdə oxuyuruq: "İmam Baqir ´ buyurub: "Hər kəs öz namazında rükunu dürüst əncam versə, tələsməsə, fikri, düşüncəsi Tanrı ilə raz-niyazda ola-Allah-taala onu qəbir vəhşətindən uzaq edər.

5-Rəvayətlərdə oxuyuruq ki, Allahın Rəsulu buyurub: " Ümmətimin mənə olan məhəbbəti və bir də Əhli-beytimə olan məhəbbətləri, yeddi qorxulu və vahiməli yerdə köməklərinə çataraq, onlara nicat bəxş edəcək:

a)-Ölüm ayağında, "Qəbzi-ruh" olarkən, rəhmət mələklərinin onlara nazil olmaqları

b)-Qəbirdə sorğu-sual zamanı və bərzəxin məs`ul mələkləri bərabərində

v)-Qiyamət günü ölülərin dirilən məqamında

q)-"Nameyi-ə`malına" nəzər yetirilərkən və ya qiyamətdə, o zaman ki, hər kəsin şəxsi vərəqəsi ("nameyi-ə`malı") əlinəveriləcək;

ğ)-Allahın ədalət məhkəməsində hesab verəçəyi gündə;

d)-Haqqı dərk edib, ona şəhadət verəcəyi şəraitdə peşmançılıq üzündən ki, dili danışmağa söz tutmayacaq.

e)-Cəhənnəm üzərində qurulan "sirat" körpüsündən keçərkən.

6-Allahın Rəsulu buyurub: "Mənə və əhli beytimə "salavat" demək, qəbrin nura qərq olmağına səbəb olar.

7-Əziz Peyğəmbərimiz yenə buyurub: "Üç qisim qadınlar qəbir əzabını görməzlər və qiyamətdə də Fatimeyi-Zəhra (salamullahi əleyha) ilə "məhşur" olarlar:

I-O qadın ki, yoxsulluq və fəqirlik içərisində öz əri ilə ömrünü başa vurub;

II-O qadın ki, ərinin bəd əxlaqına səbir edər, öz həya və ismətini əldən verməz (Bu cümlədə əlbəttə, kişinin kobud əxlaqına bəraət yoxdur, necə ki, hədislərdə varid olub).

III-O qadın ki, öz mehriyyəsini ərinə bağışlaya (yə`ni, bu vasitə ilə bir ağır yükü onun boynundan götürmüş ola və ya onun üçün müəyyən imkanlar yarada).

8-Rəvayətlərdə oxuyuruq ki, Allah-taalanın, imam Hüseynin ´ qəbrini ziyarət edənlərə bəxş etdiyi mükafatlar-dan biri də, qəbir əzabından və sıxıntılardan onlara nicat vermək olacaq. ("Kamiluz-ziyarətm-səh. 143)

DÜNYADAN "BƏRZƏX" ALƏMİNƏ " HƏDİYYƏLƏR "

"Bərzəx" aləmindəki səadət və firavanlığın amillərindən biri də odur ki, yer aləmindən ora "hədiyyə" göndərilmiş olsun.

Peyğəmbəri-Əkrəm Œ buyurur: "Qəbirdə olan meyit, dəryada qərq olan insana bənzəyir ki, hər gün sahilə baxaraq kömək gözləyir. Daima gözləri yoldadır ki, görsünlər qohum-əqrəbalar, dost-aşnalar onu dua edir, Allahdan bağışlanmaqlarını istəyirlər və insanlar, mərhumları dua edərkən, sanki bütün dünyanı ona bağışlayırlar və ruhları sevinir, şad olur. Və bu hədisin davamında Həzrət-Rəsul buyurur: "Dirilərin ölülər haqqında etdikləri xeyr dua Allahdan "bərzəx" aləminə göndərilən "hədiyyələrin" nümunələridir". Necə ki, diri insanlara hədiyyə verdikdə sevinirlər, Bərzəx əhlinin də hədiyyəsi  onlar üçün Allahdan rəhmət diləməkdir.

Digər hədisdə oxuyuruq: "Qəbirdən ən qorxulu və ağır gecə, əvvəlinci ("vəhşət") keçəsidir. O keçənin qorxu və dəhşətinə yüngüllük gətirmək üçün yaxşı olar ki, sədəqə paylamaqla öz ölənlərinizə tərəhhüm edəsiniz. Və əgər sədəqə vermək üçün imkanınız yoxdursa, heç olmasa iki rük`ət namaz qılıb, mərhumun ruhuna hədiyyə edin„

İmam Sadiq ´-dən soruşdular: "Ölülər üçün namaz qılmaq mümkündürmü?"

Buyurdu: -Bəli! Çünki ölü, qəbirdə əzab və sıxıntı içərisində olur. Siz onun üçün namaz qıldıqda o sakitləşir və ruhu aram olur. Və bu zaman ona deyirlər ki, bu rahatlığına səbəb filan imanlı şəxsin qıldığı namazdır ki, sənə hədiyyə verib,"

Digər rəvayətlərdə oxuyuruq ki, hərgah müsəlman öz ölüləri üçün xeyrat və ehsan verirsə, mərhumların ruhu bundan şad olur, həmçinin ehsan edən şəxs də savaba çatmış olur.

"Səfinətəl-Bihar" kitabında nəql olunur ki, əgər mərhumun oğlu öz xalqı üçün xeyirxah bir iş görüb (məs: yol çəkib, məhəlləyə qaz, su çəkib və ya yetimlərin qayğısına qalıb) onun xatirinə qəbir əzabı atasından uzaqlaşdırılar.

"BƏRZƏX" ALƏMİNİN FƏLSƏFƏSİ (SƏBƏBİ)

-Qiyamət günü mürəkkəb və qarışıq proseslərin tüğyan etdiyi bir gündür. Yerin, asimanın, köy cisimlərinin dağılıb xarab olması və bütün mövcudatın məhv olmağı kimi.

-İnsan ölərkən, o dərhal hesab vermək imkanında olmur, müəyyən bir müddət gözləmək lazım gəlir, çünki onu ədalət divanında mühakiməyə başlayarkən zərər çəkənlər, şahidlər və ittihamçılar da iştirak etməlidirlər. Bunlar da bir vaxt "bərzəx" aləmində çəm olmalıdırlar.

-İnsanın ölümü ilə onun əməl-dəftəri bağlanmır, çünki gördüyü savab işlərin (məscid bina etmək, yazdıqları

kitablardan istifadə və s.) və həmçinin günahların (məs: bid`ətə yol veribsə) nəticələri gözlənilir.

QƏBİR ƏHLİNİ ZİYARƏT ETMƏK

İmam Museyi Kazimdən ´ rəvayətdir ki, buyurub: "Hər kəs bizi ziyarət etməyə qadir olmasa, onda bizim xəttimizdə sabit qədəm olan mö`min müsəlmanların qəbirlərini ziyarət etsələr, bizim ziyarətimizdən alacaqları savaba çatarlar.

İmam Riza ´ buyurub: "Hər kim mö`min qardaşının qəbri üstünə gəlib, əlini qəbri üstünə qoyaraq üzü qibləyə 7 dəfə "Qədr" surəsini oxusa, o qiyamət gününün qorxusundan əmin-amanlıqda olar".

Həzrət Əlidən ´ rəvayətdir ki, hər kəs əhli-quburu ziyarət edərkən bu ziyarətnaməni oxusa, onlar üçün 50 il ibadətinin savabı yazılar, özlərinin və valideynlərinin 50 illik günahlarının üstündən əfv qələmi çəkilər.

ZİYARƏTNAMƏ

Bismillahir-rəhmanir-rəhim. Əssəlamu əla əhli la ilahə illəllah. Min əhli la ilahə illəllah, bihəqqi la ilahə illəllah. Keyfə vəcədtum qəvlə la ilahə illəllah, min la ilahə illəllah. İğfir limən qalə la iləhə illəllah. Vəhşurna fi zumrəti mən qalə la ilahə illəllah Muhəmmədun Rəsulullah, Əliyyun vəliyyullah.

Hər zaman olsa bu dünya sənə gər qəmxanə

Vadiye rəhmətə get bax o kəfən puşanə

Mə`sum imamlarımızdan olan başqa bir rəvayətdə nəql olunur ki, hər kəs əlini bir müsəlman qardaşının qəbri üzərinə qoyub 7 dəfə "Qədr" surəsini oxusa, Allah-taala bir mələyi həmin qəbrin üstünə göndərər və oradan Allah-taalaya ibadət edər. Allah-taala həmin mələyin ibadətinin savabını o mərhum üçün yazar. Qiyamət günü həmin şəxs qəbirdən məb`us olarkən Allah-taala həmin mələyin səbəbinə o şəxsi qiyamətin qorxu və vəhşətindən əmin-amanlıqda saxlayar və həmin mələyin vəsiləsi ilə behiştə daxil edər.

Bir çox rəvayətlərdə varid olduğu kimi, qəbir əhlini ziyarət etmək üçün fəzilətli günlərdən biri cümə axşamıdır. Bununla belə, həftənin hər hansı bir günündə qəbir əhlini ziyarət etmək olar və bunun çox böyük savabı vardır.

Həzrət Rəsuli Əkrəm Œ buyurub: "Ya Əbazər, gecələr ölülərimizi ziyarət etmə".

Başqa bir hədisdə Rəsuli Xuda buyurur: "Öz ölülərinizə hədiyyə göndərin".

Soruşdular: "Ya Rəsulullah! O hədiyyə nədir? Həzrət buyurdu: "Onlara dua etmək və sədəqə vermək".

Sonra Həzrət Rəsul buyurdu: "Hər cümə mərhumların ruhları dünya asimanına gələr, öz diyarlarına yetişər və mənzilləri üstündə dayanıb həzin səslə ağlayaraq deyərlər: "Ey mənim əhlim və övladlarım, ey mənim ata və anam, ey mənim qohum-qardaşlarım, dost və tanışlarım! Bizə mehribanlıq göstərin! Dua edin və sədəqə verin, çünki indi əlimizdə nə varsa onun sorğu-sualı və əzabı bizimlədir, qalan şeylərin isə faydasını dünyada başqaları görür".

Onlardan hər biri fəryad çəkərək öz qohum-əqrəbalarına deyir: "Bizə mehribanlıq göstərin, aclara çörək verməklə və paltarı olmayanları geyindirməklə. Allah-taala da sizi axirətdə behişt ne`mətləri və libasları ilə sevindirər...!"

Bu yerə çatanda Allahın Rəsulu ağlamağa başladı, biz də ağladıq. Həzrətin ağlamaqdan qüdrəti yox idi ki, sözünə davam etsin.

Bir qədərdən sonra aram tapıb buyurdu: "Onlar sizin din qardaşlarınızdır ki, bir vaxt öz əllərinizlə torpağa tapşırmışsınız".

Onlar nidaya gəlib əzab içində yenə deyərlər: "Vay bizim halımıza olsun, onda ki, əlimizdə imkan vardı Allah rizasına infaq etmədik ki, bu gün biz də sizə möhtac olmayaq, həsrət və peşmançılığa giriftar olmayaq!" Yenə fəryad çəkərək deyərlər: "Öz ölənləriniz üçün bacardığınız qədər və tə`xirə salmadan sədəqə verin!"

Digər şərif hədisdə Həzrət Rəsul buyurur: "Hər bir sədəqəni ki, öz ölənləriniz üçün verirsiniz, onu bir mələk nurdan olan bir təbəqdə saxlayır. Bu təbəqin nuru ərşədək ucalır. Həmin mələk ölülərinizin qəbri üstünə enərək onları belə salamlayır: "Əssəlamu əleykum ya əhləl-qubur!" Buyurun, bu hədiyyələri sizin üçün əhli-əyalınız göndərib.

Həzrət Rəsul Œ buyurur: "Hər kəs ölənlərinə sədəqə verməklə mehribançılıq göstərsə, Allah-taala qiyamət günündə onu Öz ərşinin kölgəsində saxlayar".


 

29-cu dərs

ƏHLİ-QÜBURUN ZİYARƏTİ »

Peyğəmbəri-Əkrəm Œ buyurub: "Qəbirləri ziyarət edin ki, axirəti unutmayasınız".

Digər bir hədisdə belə buyurub: "Gedib ölülərinizi ziyarət edin və onlara salam göndərin, bəlkə bu işdən bir ibrət dərsi alasınız".

Yenə əziz Peyğəmbərimiz buyurub: "Hər kəs cümə günü ata-anasının qəbrinin ziyarətinə getsə, həm günahları bağışlanar, həm də valideyni haqqında oxuduğu dualar müstəcab olar və özünün çətinlikləri, problemləri aradan götürülər."

Allahın Rəsulu buyurub: "Hər kim mənim qəbrimi ziyarət etsə, qiyamət günü şəfaətim ona vacib olar". ("Məhəccətül-beyza", cild 8)

Həzrət Zəhra (salamullahi əleyha) həftədə bir dəfə Həmzə Seyyidüş-şühədanın qəbrini və hər şənbə günü sair şəhidlərin qəbirlərini ziyarət edər, dua oxuyar, məğfirət diləyər və onlar üçün göz yaşları axıdardı.

 

Gün, həftə, ay gəlir köçür abi-rəvan kimi

İnsandi hey düşür yerə bərgi-xəzan kimi

Sən mən müsafirik qoca dünya düşərgədir

Bu karvansəradə bizik karvan kimi

Mehmansəradə daimi qalmaq mahaldır

Hər kimsə gəldi getməlidir mehman kimi

Dünya əcuzə tək bəzək etmiş müvazib ol

Aldanma xəttü-xalına sancar ilan kimi

Bizlər ayrılırıq hələ səngin yatan kimi

Çox arxalar vurub yerə bir pəhləvan kimi

ÖLÜMDƏN SONRA XEYRAT

İslam rəvayətlərində varid olub ki, insan ölümündən sonra "bərzəx" aləmində dünyada yaşayıb ömür sürdüyü müddətdə elədiyi yaxşı əməllərin faydasından bəhrələnə bilər:

1-Əməli saleh bir övladı ola, hansı ki, valideynini yad edir və Allahdan onun üçün məğfirət diləyir.

2-Özündən sonra Qur`an qoyub getmiş olsun ta ki, başqaları onlardan istifadə edə bilələr.

3-Quyu qazdırıb və ya su çəkib ki, başqaları ondan faydalana bilələr.

4-Ağac əkib qoyub və o, rəhmətə gedəndən sonra camaat o ağaclardan istifadə edirlər.

5-Yeni bir şey ixtira etmiş olsun ki, o öləndən sonra onun ixtirası xalqa mənfəət vermiş olsun.

6-Onun tərəfindən niyyət edib xeyir və savab işlər görə və onun "niyabətinə" əncam verə, (məsələn, öz vəsaiti hesabına başqalarını həccə göndərə), yaxud oruc tuta və sədəqə paylaya.

7-O var-dövləti ki, özgələrə vəqf edib onlardan insanlar istifadə edib qurtaranadək, o malın sahibi də "bərzəx"də ondan faydalanır.

SURUN ÇALINMASI

Qiyamət günü bərpa olmamış, yerdə və föydə, quruda və suda nə ki, canlı məxluq var, hamısı tələf olacaqdır. Bu həqiqəti Qur`an belə bəyan edir: "Sur çalınacaq, yerdə və səmada yaşayanlar hamısı onun səsini eşidib, məhv olacaqlar, ikinci sur çalınanda bütün ölülər diriləcəklər. Öz qəbirlərindən qalxıb aqibətlərinin necə olacağı intizarında olacaqlar.

İmamdan ´ sual edirlər ki, bu iki sur arasında nə qədər fasilə var? Buyurur: "Bu Allah yanında bir sirdir (İsrafilin surundan sonra bütün canlılar (Əzrail, Mikail, Cəbraildən başqa) həlak olacaqlar. Sonra Əzrailə əmr olunacaq, Mikail, Cəbrail və İsrafili də canını alsın. Axırda Allahdan nida gələr ki, "ya Əzrail, indi diri kim qaldı?" Deyər ki: "Bir mənəm, bir də Sən." Allah buyurur: "Sənin canını elə alacağam ki, sən aldığın canlardan ən çətini və ən ağırı olacaq". Bunu eşidən Əzrail qorxudan bir nə`rə çəkib canını tapşıracaq.

DÜNYAININ DAĞILIB XARAB OLMASI

Qiyamətin başlanğıcı haqqında Qur`anda bir çox ayələr nazil olmuşdur ki, onların birində buyurur: "Sizin gördüyünüz və duyduğunuz bu dünya dağılacaq və əvəzində qiyamətə münasib olan bir dünya vücuda gələcəkdir".

Biz bu mövzudan da bəhs edərkən, əlbəttə, Qur`ana müraciət edəcək (çünki, bir mənbə kimi ondan dəyərlisi və ondan da salamatı yoxdur) və hərgah mə`lum ayələrin təfsirində məxsus rəvayətlər nəzərə çarpsa, onlardan da istifadə edəcəyik.

Qur`an ayələrində göylərin və yerlərin yaranışı və onların müəyyən bir müddət ərzində qərar tutmaqları barəsində bəhs edərək buyurur: "Biz göyləri, yerləri və bunların arasın-da olanları haqq olaraq yaratdıq və bunlar yazılı bir zamana qədər dövran sürəcək" ("Əhqaf" surəsi, ayə 3)

Bu ayədə nəzərdə tutulan "yazılı bir zaman", qiyamət gününə işarədir.

Qur`an, asimanlar barəsində belə buyurur: "Biz yeddi qat asimanı möhkəm bir halda sizin üçün bina etdik. Bu asimanlar Allahın qüdrət əlləri ilə möhkəm qurulmuş və bir "səqf"də tağın altında saxlanaraq mühafizə olunur". ("Ənbiya" surəsi, ayə 32)

...Həmin asimanlardır ki, Allahın fərmanı ilə yerində qərar tutub.

...O asimanlardır ki, giriş-çıxış üçün yer yoxdur.

...O Qüdrət sahibi ki, göyləri və yerləri sizin görə bilmədiyiniz dayaqla bina etmiş və ucaltmışdır.

...O asimanlar ki, Allah onları öz dərgahından qovduğu Şeytanın fitnə-fəsadından qoruyub saxlayır.

...Hərəkətdə olduğu halda, süqut edəcək. Bir-birinə dolaşmış və qarışıq şəkildə olacaq. ("Ənbiya", ayə 102)

AY VƏ GÜNƏŞ HAQQINDA

Qur`ani-kərim, günəş və Ay haqqında nazil olan ayələrində buyurur:

 "...O günəş ki, gur işıqlı və hərarətlidir.

...O günəş ki, öz nuru ilə Allahın müəyyən etdiyi fəzada qərar tutub.

...O günəş və Ay ki, dəqiq hesab üzrə hərəkət edir və dövrə vururlar.

...O günəş ki, bir müddət Allahın təqdiri ilə qərar tu-tub və hərəkət edir.

Qur`an səma cisimlərinin hərəkətdə olduğunu bəyan etdiyi kimi, həmçinin onların mövcudluğunu və fəaliyyətlərinin müəyyən bir dövr üçün nəzərdə tutulduğunu da xəbər vermişdir.

ULDUZLAR HAQQINDA

Ulduzlar və onların hərəkətləri haqda Qur`an buyurur: "Onlardan hər biri (Ay, günəş, ulduzlar və s.) öz mədarları ətrafında – orbitləri üzrə fırlanır və hərəkətdədirlər. Həmin gün (qiyamət günü) onlar öz mədarlarından (orbitlərindən) çıxacaq, hərarət və nurları sönüb zülmətə qərq olacaqlar, hərçənd ki, onların dünyada sizə faydaları çox idi (işıq verirdi, yol göstərir və cəhətləri yollarda və dəryalarda onlarla müəyyənləşdirirdiz).


 

30-cu dərs

YER KÜRƏSİ HAQQINDA

Aramla, beşik kimi hərəkət edən Yer kürəsi, (hansı ki, Allahın Öz bəndələrinə olan ən böyük ne`mətlərindən biri də məhz Yerin hərəkətdə olmasıdır) Qiyamət bərpa olanda elə lərzəyə gələcək ki, Allah o anı "böyük zəlzələ" adlandırır.

O Yer ki, insanlar rahatlıqla onun üzərində gəzişir, sərvətlərindən istifadə edir və uca imarətlər tikirlər. Həmin Yer, siz insanlar üçün aram minik atına bənzəyir, hansı ki, siz minib çapırsınız.

Lakin o gün (qiyamət günü) Yer, həmişə olduğu kimi aram olmayacaq, əksinə, o gün siz böyük bir iztirab və vahimə içərisində olacaqsız. Siz o ne`mətlərdən artıq istifadə edə bilməyəcəksiniz, çünki onlar hamısı məhv olub, aradan gedəcək.

Biz Yeri müxtəlif ne`mətlərlə (dənizlər, çaylar, dağlar, ormanlar və müxtəlif heyvanlarla) zinətləndirmişik, lakin həmin zinətlər bir güclü təkanla bir anda alt-üst olacaq. On-ları ki, torpağa basdırmışdılar, hamısı Yerin üzünə çıxacaq.

O zaman ki, qiyamət günü çatdı, onda uca və əzəmətli dağlar yerindən oynayıb, parça-parça və dağılıb toz kimi olar. Onda yerin səthi də düz və hamar bir şəkil alar. Dağların, qayaların dağılması nəticəsində Yerin səthi böyüyər və genişlənər.

Qur`anın başqa bir ayəsində oxuyuruq: "O gün (qiyamət günü) Yer yarılar və onlar (insanlar) tələsik üzə çıxarlar, onda onları bir yerdə cəm etmək bizim üçün çətin deyil". (Qaf" surəsi, 43)

Bəli, necə ki, otlar və bitkilər yeri yarıb üzə çıxır göyərirlər, insanlar da o gün yerlərindən qalxıb, hamısı bir nəfər kimi tələsik Allahın dərgahına yol alarlar.

Nəhayət, o gündə milyardlarla insanların yığışdıqları Yer tamamilə başqa bir yer-geniş bir düzəngah olar. Hər şeyin dəyişildiyi həmin gündə bütün məxluqat hesab üçün Allahın hüzurunda hazır olarlar. ("İbrahim" surəsi, 48)

Yer, göy və dağlar parçalanıb toz kimi ətrafa səpələn-dikdən sonra, görəsən bəşəriyyətin öz taleyi neçə olacaq? Bu və digər suallara cavab tapmaq üçün təkrar-təkrar Qur`ana və "əl-Mizan" təfsirinə müraciət etmək zəruriyyətindəyik.

Əziz oxucu! Qur`an buyurur: "İnsanlar belə güman edirlər ki, qiyamət günü uzaqdadır, (onlar belə zənn etməkdə çox səhv edirlər) Qiyamət lap yaxındadır". ("Məaric" surəsi, ayə 7)

Bu ayənin şərhi aşağıdakı hədisdə daha bariz şəkildə verilmişdir: "Elə ki, insan öldü, onun üçün həmin andan qiyamət bərpa olur, çünki qəbir aləmi və "bərzəx", qiyamətin dar-vazası sayılır. Bu darvaza ilə bizim aramızda olan məsafə bircə dəfə nəfəs dərmək qədərdir".

MƏAD CİSMANİDİR, YOXSA...?

Bə`zi insanlar məadı, bir növ "ruhlar məskəni" kimi təsəvvür edirlər. Guya insanlar qiyamət günü öz əvvəlki qiyafələrində dirilməyəcək və öz bəd və yaxşı əməllərinə görə aldıqları cəza və mükafatları ruhən hiss edib, ondan əzab və ya ləzzət alacaqlar.

Qur`anda bu növ fikirləri təkzib edən bir yox, onlarla ayələr var ki, onlar Məadın fəqət ruhani yox, əksinə, cismani olduğunu aydın dəlillərlə bəyan edir. Yə`ni: həmin çürümüş sümüklər Allahın hökmü ilə dirilib, qəbirdən çıxacaqlar" ("Yasin" surəsi, ayə 79)

Daha üç yerdə Qur`anda oxuyuruq ki: "Qiyamət günü ölülər "əcdas"dan (qəbir mə`nasındadır) dirilib bayıra çıxacaqlar" ("Məaric", "Qəmər" və "Yasin" surələri).

"Yasin" surəsinin 52-ci ayəsində Qur`an buyurur: "Onlar qiyamət günü deyəcəklər,-Bizi qəbrimizdən kim qaldırdı? Yoxsa bu, həmin gündür ki, peyğəmbərlər bizə və`də vermişdilər?"

Başqa bir ayədə yenə buyurur: "Həqiqətən Allah qəbirdə olanları dirildir" ("Həcc" surəsi, ayə 7)

Əgər məad, yalnız ruhların cəzalandırılma və ya mükafatlandırılmaqla əlaqəli olsaydı və cisimlə işi olmasaydı, bəs niyə Qur`an ayələri aydın və qəti şəkildə "qəbir", "mərqəd", "əcdas" və "yer"dən söhbət açardı? Ruhlar ki, qəbirdə olmur. Qəbirdə olan yalnız çürümüş insan cəsədləridir ki, onlar da bir vaxt Allahın hökmü və iradəsi ilə dirilib bayıra çıxacaqlar.

Beləliklə, Qur`an ayələrində, oxuduğumuz Allah kəlamına tam istinad edərək deyə bilərik ki, məad təkcə ruhani deyil, cismanidir və o kəslər ki, məadı ruhani hesab edirlər, onların bu fərziyyələri tam əsassızdır və Qur`anın məadla bağlı bir çox ayələrində buyurulan: "Onlar dirilib öz əzaları ilə şəhadət verərlər", onların nəzərini kökündən təkzib edir və həqiqəti dərk etməkdən münhərif olurlar".

Bə`ziləri deyirlər ki, biz öldükdən sonra çürüyüb torpağa qarışırıq və bu torpaqdan göyərən bitki, tərəvəz və meyvələri başqa insanlar yeyir və bir müddət sonra bu vasitə ilə biz, onların bədənlərini təşkil edirik. Bir haldan başqa hala düşən bu mürəkkəb qarışıq qiyamət günü bir-birindən necə aralanacaqlar?

Cavab veririk: "Əgər bədənimiz tamamilə torpağa dönə və ondan meyvə gələ, o meyvələri bir başqası yemiş ola və onun cismində damcı qədər də olsa, başqa bir cisim yerləşirsə, o da kifayət edir ki, həmin şəxs onun vücudunda aydın ola və qiyamət günü həmin damcıdan onun bədəni təşkil oluna və dirilə. Necə ki, biz hamımız ana bətnində bir damladan əmələ gəlirik.

Necə olur ki, insan özü bir məxluq olduğu halda neftdən benzin, mazut, yağ, parça, ip və s. neft məhsulları ala bilir, Allah isə külli aləmin Xaliqi olduğu halda bizim zərrələrimizi həmin varlığın tərkibindən ayıra bilməsin?!

Məgər görmürükmü inək ot yeyir və Allahın qüdrəti ilə süd ot-ələfdən ayrılır. Məgər yediyimiz bir loğma çörək bizim orqanizmimizdə ətə, qana, göz yaşlarına, tükün və dırnaqların əmələ gəlməsinə səbəb olmurmu?! Bir Allah ki, çörəyi bu qədər maddələrə döndərir, qiyamət günü onun qüdrəti çatmazmı ki, bizim zərrələrimizi qarışıq maddələrdən ayırsın?!

Bəli, bizim nəzərimizdə həm müşkül olan, həm də müşkül olmayan iş, Allahın qüdrət əlində sadə və asan bir işdir. Allah-taalanın Qur`anda günəşə, əsrə, zeytun və əncir ağacına and içməsi, məhz onun nəyə qadir və fövqəl-bəşər bir Tanrı olduğunu büruzə verir.

 

Home page book