MƏAD ƏBƏDİYYƏTDİR |
Məad (ruhun bədənə qayıtması, öldükdən sonra yenidən dirilmə) ilahi dinlərə xas olan iman əsaslarından biridir. Allah-taalanın ölümdən sonra qiyamət günü insanları yenidən diriltməsi, onları dünyadakı əməllərinə görə sorğu-suala çəkməsi, əməlləri müqabilində cənnətliklərin əbədi səadətə qovuşması, cəhənnəmliklərin (kafirlərin) isə həmişəlik əzaba düçar edilməsi üsuli-dinin ən mühüm rüknlərindəndir.
Mö`min müsəlman bilməlidir ki, insanın həyatı ölümlə bitmir. İnsan bu fani, müvəqqəti dünyadakı həyatını başa vurduqdan sonra onu qiyamətədək qəbir həyatı, qiyamətdən sonra isə əbədi axirət həyatı (cənnət, yaxud cəhənnəm) gözləyir. Əgər hesab-kitab olmasaydı, hər şey ölümlə bitsə, məhv olub getsə idi, biz əməllərimizə görə mühakimə olunmasaydıq, onda həyat mə`nasız görünər, Allahın ədaləti bərqərar olmazdı.
Onu da qeyd etmək lazımdır ki, yaşadığımız dünyada bizə əməllərimizin yalnız çüz`i əvəzi, qismən əcri verilir. Tam əcr isə axirət dünyasında veriləcəkdir. Əgər Allah bütün əməllərin mükafat və cəzasını elə bu dünyada versəydi, bəşər övladı ya tamah üzündən, ya da qorxudan heç bir pis əmələ yol verməz, yalnız yaxşılıq edərdi. Bu isə müəyyən bir təmənna, yaxud qorxu müqabilində olan yaxşılıqdır ki, mə`nəviyyat baxımından onun Allah yanında heç bir qiyməti yoxdur. Məsələnin mahiyyəti bundan ibarətdir ki, insan azad olduğu şəraitdə, özü də heç bir tamah, mənfəət güdmədən yaxşılıq etsin, bununla da Allahın buyruqlarını yerinə yetirərək Onun rizasını qazansın. Məcburiyyət qarşısında, müəyyən bir təmənna ilə edilən yaxşılıq heç nəyə dəyməz. İnsanın ləyaqət və qiyməti onun azad, ixtiyarlı olduğu şəraitdə Allahın ona bəxş etdiyi əql və iradə ilə düzgün yolu seçməsi, bu yolda durmadan irəliləyərək nəcib işlərlə məşğul olması, yaxşılıq etməsidir. Allaha ibadət də bu cürdür. Əsl bəndəlik insanın öz xaliqinə ixlasla (təmənnasız, heç bir şey ummadan, heç bir mənfəət güdmədən, Allahın ibadət olunmağa layiq yeganə varlıq olduğunu dərk edərək) edilən ibadətdir ki, bu da kamil mö`minlərə və irfan əhlinə xas olan keyfiyyətdir.
Kainatı ilahi bir nizamla yaradan ulu Tanrı insana nəfs, ruh və əql vermiş, ona səmavi kitablar, peyğəmbərlər və şəriət göndərmiş, bunların vasitəsilə bəşər övladına doğru yolu göstərmiş və bizim üçün məhz bu yolu bəyənmişdir.
Nəfsini özünə ram edən, ruhuna təslim olub sağlam əqlin ardınca gedən insan axirətdəki xoşbəxt həyatını özü üçün bu dünyada tə`min edir, necə deyərlər, özünə yaxşı axirət qazanır. Peyğəmbər ´ məhz buna işarə edərək "Dünya axirətin tarlası, əkin sahəsidir",-deyə buyurmuşdur. Xalqımızın "Nə əkərsən, onu biçərsən", "Nə tökərsən aşına, o da çıxar qaşığına" kimi müdrik kəlamları da bu böyük həqiqəti əks etdirir.
Amma, təəssüf ki, nəfsinə uyan, nəfsini özünə tanrı edən insanlar (belələri az deyildir) yaşadıqları dünyada öz Xaliqinin buyruqlarını unudaraq bu beş günlük ömrü xoş keçirmək xatirinə etdikləri pis əməllər üzündən ağır günahlara batır, öz nəfsi, tamahı, şəhvəti, həvayi-həvəsi ucbatından küfrə yuvarlanıb cəhənnəmi elə bu dünyada satın alırlar. Halbuki onlar Allahın kitabına Peyğəmbər (s)-in şəriətinə əməl etsələr, səhv üzündən bir günah işlətdikdə tövbə edib doğru yola qayıtsalar, lütfü və mərhəməti geniş olan Allah onları bağışlayar və bir daha pis yola, zəlalətə düşməməkdə onlara kömək edər. Təki onlar tövbədən sonra bir də pis əməllərə qayıtmasınlar.
Allah-taala insanı torpaqdan yaratsa da, ona əmr aləmindən olan ilahi cövhər – ruh vermiş, bununla da bəşər övladına əbədiyyət bəxş etmişdir. Əgər əbədi həyatın başlanğıcı olan qiyamət günü ruhlar yenidən bədənə qayıtmasa, insan yenidən dirilib haqq-hesab üçün öz Xaliqinin hüzurunda durmalı olmasa, dünyada etdiyi yaxşı və pis əməllərin əvəzini görməsə idi, onda əql, ruh və nəfs sahibi, məxluqatın əşrəfi olan insanla başqa varlıqlar arasında heç bir fərq olmaz, bütövlükdə insanın özünün xəlq edilməsi mə`nasız, boş bir şey görünərdi. Belə olduqda insan, bə`zi dinsizlərin iddia etdiyi kimi, bu beş günlük dünyada hər şeyi özünə rəva bilər, heç bir şeydən qorxmadan, utanıb çəkinmədən, heç bir məs`uliyyət hiss etmədən nə istəsə onu edər, beləliklə də cəmiyyət zülm və haqsızlıq, anlaşılmamazlıq içində batıb gedərdi.
Lakin mütləq ədalət sahibi, bəndələrinə qarşı sonsuz mərhəmətli və rəhmli olan Allah-taala insanları öldükdən sonra qiyamət günü yenidən dirildib onları gördükləri işlərdən ötrü haqq divanına çəkmək və əməllərinə müvafiq olaraq onları mükafatlandırmaq və ya cəzalandırmaqla (cənnətlik və cəhənnəmlik etməklə) bu zəlalətə son qoymuş və özünün bu ilahi hikməti ilə həyatı bəşər övladı üçün həm şirin və ləzzətli, həm də məqsədyönlü və məs`uliyyətli etmişdir.
Məada inanan hər bir insan bir tərəfdən ona verilmiş ömür payından səmərəli bəhrələnməyə, dünya ne`mətlərindən, həyatın gözəlliklərindən lazımınca istifadə etməyə, digər tərəfdən isə Allaha ibadət və itaətlə yanaşı, dünyada yaxşı işlər görməyə, heç bir şeydə ifrata varmamağa, öz həmcinsləri, onu əhatə edənlər ölçü-biçi ilə hərəkət etməyə – qısası axirətini dünyasına satmamağa, dünyasından da axirətinə görə məhrum olmamağa çalışır.
Qur`ani-kərim məhz buna görə müsəlmanları "ummətən vəsətən" ("mö`tədil, orta vəziyyətdə olan ümmət") adlandırmış, islamda rahiblik olmadığını bəyan etmiş, Peyğəmbər Œ isə "Sabah öləcəksiniz kimi axirət və heç ölməyəcəksiniz kimi dünya işləri üçün çalışın!"-deyə buyurmuşdur.
Hörmətli oxucu! Bütün bunları deməkdən məqsədimiz heç də sənə məad haqqında müfəssəl mə`lumat vermək yox, ancaq höccətül-islam vəl-müslimin hacı Əbdür-Rəhman Yusifpurun haqqında rə`y yazdığımız "Dünyadan qəbirə, qəbirdən həşrə həşrdən əbədi həyata" adlı kitabının nə qədər mühüm bir mövzuya həsr olunduğunu nəzərə çarpdırmaqdır. Çünki sən, bu kitabda mö`min bir müsəlman kimi səni çox maraqlandıran məad barəsində geniş bilik əldə edəcək, səni narahat edən bir çox çətin suallara cavab tapacaqsan.
Gözəl tədqiqatçı alim, zəngin bilik sahibi, islama dair bir sıra maraqlı araşdırmaların müəllifi, əsərləri oxucular tərəfindən həvəslə mütaliə edilən höccətül-islam vəl-muslimin hacı Əbdür-Rəhman Yusifpurun növbəti kitabı da qədimdən insanları ciddi düşündürən, narahat edən, onları dünya və axirət məs`uliyyətini dərk etməyə sövq edən məad (öldükdən sonra yenidən dirilmə) məsələsinə həsr olunmuşdur.
Müəllifin öz mülahizə və müddəalarını müasir oxucunu qane edə bilən elmi şəkildə əsaslandırması, araşdırdığı mövzuların şərhində tez-tez Qur`an ayələrinə, Peyğəmbər Œ-in hədislərinə, mə`sum imamlar (əleyhimussalam)-ın kəlamlarına, görkəmli islam alimlərinin fikirlərinə müraciət etməsi əsərin elmi sanbalını daha da artırır, çıxarılan nəticələri daha tutarlı, daha inandırıcı edir.
Ümidvarıq ki, höccətül-islam vəl-müslimin hacı Əbdür-Rəhman Yusifpurun məadın mə`nası və mahiyyətinə, bu ilahi həqiqətin fəlsəfəsinə həsr edilmiş "Dünyadan qəbirə, qəbirdən həşrə, həşrdən əbədi həyata" kitabı geniş oxucu kütləsinin ciddi marağına səbəb olacaq və onlar tərəfindən hüsnü-rəğbətlə qarşılanacaqdır.
Bakı, 8 noyabr 1997